"Barış bulağı": Türkiyənin çətin, lakin ən düzgün yolu seçdi - TƏHLİL

Nəhayət, gözlənilən baş verdi - Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlara başladı.

Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-dan Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" ("Barış Pınarı") adlı hərbi əməliyyatlar keçirir. Ankara sərhədin 30 km dərinliyinə qədər irəliləyərək PYD/YPG terror təşkilatının bölgədə qurduğu muxtar hakimiyyətə son qoymaq niyyətindədir. Daha sonra beynəlxalq təşkilatların və başda Avropa Birliyi olmaqla Qərb ölkələrinin maddi dəstəyini alan Türkiyə orada 2 milyon suriyalı ərəb mənşəli qaçqına evlər tikib, şəhərciklər salmaq istəyir.

Prosesdə diqqət çəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın YPG üçün ilk dəfə birbaşa PKK ifadəsini istifadə edərək, YPG-nin əslində PKK terror təşkilatı olduğunu təsdiqləməsi oldu. Tramp Ağ Evdə keçirdiyi toplantıda Suriyadan çəkilmə qərarının doğru olduğunu da bildirib. Obama dövründə ABŞ-ın Türkiyənin düşməni olan YPG ilə müttəfiqlik etməsinin yanlışlığını bəyan edən Tramp vurğulayıb ki, Obamanın Türkiyənin ölümcül düşməni olan PKK ilə tərəfdaşlığı vəziyyəti mürəkkəbləşdirib.

Tramp ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu "ən pis xəta" kimi səciyyələndirib.

Onun bu bəyanatı Birləşmiş Ştatların Yaxın Şərqdən tam geri çəkilməsi anlamına gəlirmi? ABŞ-ın Suriyadan çəkilməsinin başqa səbəbi də ola bilər. İstisna deyil ki, növbəti mərhələdə Vaşinqton İranı hədəf alacaq. Türkiyənin Suriya əməliyyatı nəticəsində YPG-nın nəzarətində olan dəhliz sıradan çıxması real görünür. Lakin həmin dəhlizə gələcəkdə kimin nəzarət edəcəyi sual altındadır. Xatırladaq ki, 2010-cu ildən başlayaraq İraq və Suriyadan keçərək, Livana qədər uzanan ərazilərə İrana tabe olan “Hizbullah” nəzarət edirdi. Ankara beynəlxalq magistral xəttə nəzarəti də həyata keçirtmək istəyir. Ankaranın həyata keçirdiyi “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları da bu planın tərkib hissəsi idi. Hərbi əməliyyatları davam etdirməklə Ankara strateji önəm daşıyan zolağa nəzarətə götürə bilər. Ankaranın həmin əraziyə 2 milyon suriyalı qaçqını məskunlaşdırma planı ilə regionun etnik tərkibinin də (kürddən ərəbə) dəyişməsi mümkün görünür. Bununla Türkiyə öz təhlükəsizliyini təmin etmiş olacaq.

Burada ən maraqlı nüans M4 magistral xəttidir. Suriyadakı ərazilər arasında strateji baxımdan ən önəmlisi olan M4 magistralı Əl Babdan keçməklə Hələbə qədər davam edir. Marşrutun önəmi o qədər böyükdür ki, Türkiyəyə M4 magistralından cənuba doğru irəliləməyə imkan vermək istəmirlər. Unutmaq olmaz ki, 2011-ci ildən bu yana regionda bütün döyüşlər məhz M4-ə nəzarət uğrunda gedir. İran, İraq və Suriyanı birləşdirən bu yol İraq sərhədindən başlayır, Latakiyada qurtarır və oradan Livana qədər uzanır. İrandan başlayan yol da Ərbil və Mosuldan keçməklə həmin magistrala birləşir. Bu gün Bəşər Əsəd bu qədər önəmli və strateji dəhlizin yalnız kiçik bir hissəsinə - Hələb ətrafı yola nəzarət edə bilir.

M4 magistral xəttinə tam nəzarət bölgənin ən əhəmiyyətli oyunçusu olmaq anlamına gəlir. Unutmaq olmaz ki, həmin ərazilər etnik və məzhəb savaşından əziyyət çəkir. Trampın da bəyanatından görünür ki, Vaşinqton Suriya və ümumilikdə Yaxın Şərq siyasətində ciddi yanlışlıqlara yol verib. Vaxtilə ABŞ-ın ən ciddi analitiki olan Zbiqnev Bjezinski xəbərdarlıq edirdi ki, Suriya problemini qabartmaq böyük bəlalara səbəb olacaq. Vəziyyətin bu cür şəkil almasının əsas səbəbi kimi Z.Bjezinski Vaşinqtonun yanlış Yaxın Şərq siyasətini göstərirdi. Belə də oldu. Suriya problemi dünyanın maraqlarının toqquşduğu nöqtəyə çevrildi və bundan ən çox uduzan elə Vaşinqtonun özü oldu. Bu baxımdan, Bzejinskinin vaxtilə verdiyi "Mən hələ də başa düşə bilmirəm ki, biz 2011-ci ildə Suriyada hakimiyyəti devrilmək qərarına niyə gəldik'' sualı bu gün də ABŞ üçün aktualdır.

Məsələ ondadır ki, Birləşmiş Ştatların Suriyada və bölgədə keçirdiyi əməliyyatlar nəticəsində "Hizbullah'' və "əl-Qaidə'' üz-üzə gəldi. Vaşinqton "Hizbullah'' və "əl-Qaidə''ni bir-birinə qarşı qoymaqla, özünün iki düşmənindən yaxa qurtara biləcəyini düşünürdü. Lakin məsələ bununla bitmədi. Hazırda üç böyük sünni qruplaşması - "Müsəlman qardaşları'', “Nüsrət cəbhəsi” və "əl-Qaidə'' ən böyük şiə qruplaşması olan "Hizbullah''a qarşı birləşib. Vaşinqtonun sayəsində Yaxın Şərqdə məzhəb savaşı genişlənib və daha böyük ərazini əhatə etməkdədir.

Beləliklə, Suriyada və bölgədə savaşın uzun müddət davam edəcəyini təxmin etmək çətin deyil. Bunu nəzərə alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni uduş mövqeyinə çıxartmaq istəyir. Türkiyə üçün 911 kilometrlik sərhəddə sabitliyə nail olmaq zəruridir. Türkiyə Fərat çayı sahilinə qoşun göndərməklə təhlükəsizlik zolağı qurmağa çalışır. Vaşinqtonun geri çəkilməsi ilə Ankara bu istiqamətdə daha inamla irəliləyir. Məqsəd isə birdir: Həm Ərdoğan, həm xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də Ordu komandanlığı dəfələrlə bəyan edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, əməliyyatın yeganə məqsədi təhlükəzis zona yaratmaqdır. Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması hər nə qədər Qərb dairələri, eyni zamanda Rusiya, İran və ərəb ölkələri tərəfindən birmənalı qarşılanmasa da, onlar Ankaranın bu addımı zərurətdən atdığını qəbul etmiş kimi görünürlər. Həm ABŞ-dan, həm Rusiyadan, həm İrandan, həm də digər bəzi ölkələrdən səslənən yüksək səviyyəli bəyanatlarda Türkiyənin sərhədlərinə olan təhlükələrə qarşı bu addımları atmasının anlaşıan olduğu boşuna vurğulanmır. Dünya gücləri də anlayır ki, Türkiyənin Suriyaya qarşı heç bir ərazi iddiası yoxdur və məqsəd yalnız terror təhlükəsini aradan qaldırmaq, təhlükəsiz zona yaratmaqdır.

Lakin təhlillər götrərir ki, bölgədə vəziyyət çox mürəkkəbdir və bu mürəkkəblik Türkiyə üçün ciddi problemlər yarada bilər. Ankara "təhlükəsiz bölgə" ilə məhdudlaşmaq istəmir. Hərbi əməliyyatdan sonra qaçqınların azad olunmuş ərazilərdə yerləşdirilməsi üçün Türkiyəyə 50 milyard dollar lazım olacaq. Avropa Birliyi açıq bəyan edib ki, Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşıdır və bu səbəbdən də qaçqınların bölgəyə yerləşməsinə pul ayırmaq barədə düşünmür. Ankara çox mürəkkəb bir şəraitdə hərbi əməliyyatlara başlayıb. Lakin Türkiyənin başqa yolu da qalmamışdı, əks halda terrorçular Türkiyə ilə sərhədi tamamilə ələ keçirə bilərdilər. Ərdoğan belə bir riskə gedə bilməzdi və yaranmış vəziyyətdə ən çətin, lakin ən düzgün yolu seçməli oldu. İndi qalır Ankaranın əməliyyatı uğurla baş çatdırması və Suriya ətrafında baş verəcək siyasi gəlişmələrdən üzüağ çıxması...

APA Analytics

Apa.az

ƏVVƏLKİ XƏBƏR

MDB XİNŞ-in növbəti iclasının tarixi və yeri məlum olub

SONRAKI XƏBƏR

Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”