UKRAYNA DONBASLA BAĞLI “B” PLANINI VƏ QIRMIZI XƏTLƏRİ AÇIQLAYIB

UKRAYNA DONBASLA BAĞLI “B” PLANINI VƏ QIRMIZI XƏTLƏRİ AÇIQLAYIB

“Ştaynmayer formulu”na razılıq və Ukraynada yeni hökumətin islahatçı aktivliyi AB-də böyük diqqət cəlb edib. Avropa Parlamentində Ukraynadakı vəziyyətlə bağlı debatlardan sonra AB-ə üzv ölkələrin xarici işlər nazirləri Kiyevin planları haqqında ilk əldən məlumat almaq qərarına gəliblər. Bu münasibətlə Ukrayna xarici işlər naziri Vadim Pristayko oktyabrın 14-ü Lüksemburqda AB Şurasının iclası çərçivəsində işgüzar nahar yeməyinə dəvət edilib. Bu barədə “DW” portalı məlumat verir.

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini (Federica Mogerini) həmin görüş haqqında qısa məlumat verib. Onun sözlərinə görə, Pristayko Donbas münaqişəsinin nizamlanması və islahatlarla bağlı prezident və hökumətin planları haqqında “hərtərəfli” informasiya təqdim edib. Mogerini bu mənzərədən razı qaldığını bildirib. Diplomat əmin edib ki, AB Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü, həmçinin ölkədəki islahatları dəstəkləməyə qəti qərarlıdır. O, həmçinin “müəyyən müsbət dəyişiklikləri” vurğulasa da, təfərrüata varmayıb.

Jurnalistlər daha çox Brüsseldə məlumat əldə edə biliblər. Pristayko Lüksemburq görüşündən sonra dərhal Brüsselə yola düşüb. O, Avropa Parlamentinin xarici işlər komitəsinin iclasında iştirak edib. Nazir tədbirdə Ukrayna prezidenti Vladimir Zelenskinin “Rusiyanın bizimlə gedəcəyi qədər Minsk yolu ilə addımlamaq” istəyini dilə gətirib.

Pristayko hər iki görüşdə “Ştaynmayer formulu” ilə əlaqədar üç qırmızı xəttə toxunub. Onlardan biri ondan ibarətdir ki, Ukrayna unitar dövlət olaraq qalacaq və məcburi federallaşma prosesi keçirilməyəcək. İkincisi – Ukrayna Rusiyanın istədiyi şəkildə konstitusiyasını dəyişməyəcək, əvəzində Minsk sazişində nəzərdə tutulduğu kimi ora desentralizasiyanı qeyd edəcək. Üçüncü qırmızı xətt seçkilərə aiddir: “Seçkilər Ukrayna qanunvericiliyinə və ATƏT standartlarına uyğun, həmçinin təhlükəsizlik baxımından şəraitin buna icazə verdiyi vaxtda keçirilməlidir”.

İclasdan sonra keçirilən mətbuat konfransında Pristayko xəbərdarlıq edib ki, Kiyevin Donbas münaqişəsinin nizamlanması ilə bağlı hazırkı səyləri “sonuncu vicdanlı cəhddir”. “Xalqımız kimi bizim də daha beş il müxtəlif formatlarda daim danışıqlar aparmağa vaxtımız yoxdur”, - deyə nazir vurğulayıb. Ona görə Kiyev kartların hamısını masaya düzmək üçün “normand formatı”nda görüşə nail olmaq istəyir. Pristaykonun sözlərinə görə, onda həqiqət məqamı yetişəcək, Rusiyanın deskalasiyaya gedib getməyəcəyi bəlli olacaq.

İclas üç saatdan çox çəkib. Dərhal 12 deputat Pristaykodan sonra çıxış etmək istədiyini bildirib. Onlar naziri sual atəşinə tutublar. Çoxu Donbas mövzusuna toxunub. Xüsusən, Avropa Xalq Partiyasının nümayəndəsi Trayan Besesku (Traian Băsescu) Kiyevi Donbasın ayrı-ayrı rayonlarına geniş muxtariyyət verməkdən çəkindirib, belə ki, bu, Ukraynada Dnestryanı ssenarinin təkrarlanmasına səbəb ola bilər.

Avropa Parlamentində solçu partiyaların nümayəndələri İrlandiyadan Mik Uolles (Mick Wallace) və Yunanıstandan Kostas Papadakis (Kostas Papadakis) Zelenskini “neonasist” qruplarla görüşməkdə, həmçinin ölkədə kommunistlərin qadağan edilməsi ilə bağlı siyasəti davam etdirməkdə ittiham ediblər. “Şərqi Ukraynadan olan yəhudini, yəni cənab Zelenskini neonasist olmaqda ittiham etmək çox çətindir”, - deyə Pristayko etiraz edib. O, iştirakçıları inandırıb ki, ölkədə sülh bərpa olan kimi Ukrayna radikallaşmadan xilas olacaq.

Mənbə: www.xpressa.net