Ərdoğanla ABŞ Vitse-prezidentinin 1,5 saatlıq qapalı görüşü: nədən danışıblar?

Ərdoğanla ABŞ Vitse-prezidentinin 1,5 saatlıq qapalı görüşü: nədən danışıblar?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Vitse-prezidenti Mayk Pens oktyabrın 17-də Ankarada danışıqlar keçirib. Danışıqların əsas məqsədi Ankaranı Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlara son qoymağa razı salmaqdan ibarətdir.

Pens Ankaraya ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatlarla əlaqədar olaraq Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməklə bağlı hədələrindən bir gün sonra gəlib. Birləşmiş Ştatların siyasi dairələrində Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaqla Ankaranın uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara yaşıl işıq verən qərarı ilə bağlı tənqidlər artmaqdadır.

Bir həftədir sürən əməliyyatlar 160 min mülki vətəndaşın döyüşlər nəticəsində yerlərindən didərgin düşməsi ilə Suriyada humanitar böhrana səbəb olub. Türkiyənin hərbi əməliyyatları Suriya kürdlərinin həbsxanalarında qalan minlərlə İŞİD döyüşçüləri ilə bağlı təhlükəsizlik xəbərdarlığının verilməsi və ABŞ-da prezident Trampın özü üçün siyasi təlatümlə nəticələnib.

Tramp Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə əsas tərəfdaşları hesab edilən kürd döyüşçülərini tərk etməkdə ittiham edilir.

ABŞ prezidenti çərşənbə günü verdiyi açıqlamalarda Suriyadan Amerika əsgərlərinin çıxarılması qərarını müdafiə edərək, bunun "strateji baxımdan olduqca gözəl" bir qərar olduğunu deyib. O, Pens və Ərdoğanın görüşünün uğurlu olacağına inandığını deyib, lakin sanksiyalar və tariflərin “Türkiyə iqtisadiyyatı üçün dağıdıcı olacağı” ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın Vitse-prezidenti Mayk Pens Ankaraya Dövlət katibi Mayk Pompeonun da daxil olduğu nümayəndə heyəti ilə səfər edib.

Mənbə: www.amerikaninsesi.org