Emin Həsənli: “Şəhid ailələrinin və əlillərin mənzil problemi birdəfəlik həll olunacaq”

“Bu iradəyə qarşı kim çıxacaqsa, həmin insanlar cəzalandırılacaq”
Bu ilin əvvəllərindən başlayaraq, qazilər, şəhid ailələri və müharibə veteranları ilə bağlı çox ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyev tərəfindən onlarla bağlı mühüm fərmanlar imzalanıb. Bu istiqamətdə görülən işləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə dəyərləndirdik.

- Emin bəy, artıq bu ilin 10 ayını geri qoymaqdayıq. Bu aylar ərzində qazilər və müharibə veteranları ilə bağlı atılan addımları necə dəyərləndirirsiz?

- Çox mühüm işlər görüldü. Bu il 28 yanvarda cənab prezident fərman imzaladı. Ötən il aprelin 18-də fərman imzalamışdı. Prezident seçilən kimi ilk fərmanı şəhid ailələrinə birdəfəlik kompensasiyanın verilməsi ilə bağlı idi. 11 min manat birdəfəlik kompensasiya ödənildi. Daha sonra məlum oldu ki, polis işçiləri siyahıya salınmayıbdır. O zaman döyüşən bir qrup hərbi qulluqçu əvvəllər həmin kompensasiyanı alıblar. Amma aldıqları dövr pulun dəyəri həddindən artıq aşağı imiş. Cənab prezident humanist addım ataraq, təkrar o ailələrə və polislərə məbləğin verilməsi ilə bağlı da fərman imzaladı. Bu fərmanlar olduqca əhəmiyyətlidir. Bilirsiniz ki, veteranlara əvvəllər kompensasiya kimi 11, sonra 55 manat verilirdi. Sonralar pensiya alan veteranlara bu məbləğ verilmirdi. Bu məbləğ 80 manata qaldırılaraq Prezident təqaüdü oldu. Çox zəruri və mühüm qərar oldu. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə ciddi işlər görüldü. Qarabağ əlilləri, şəhid ailələri və Müharibə Veteran İctimai Birliyi, Çernobil Əlilləri İttifaqı, Əfqanıstan Veteran İctimai Birliyi, Qarabağ Qazilər Birliyi, 20 Yanvar Cəmiyyəti, aprel qaziləri, Xocalı soyqırımı qurbanlarının ailə üzvləri və milli qəhrəmanlarla mütəmadi görüşlər keçirildi, onlardan təkliflər alındı. Cənab prezidentin apardığı son islahatlarda vətəndaş cəmiyyəti, Kütləvi İnformasiya Vasitələri aktiv rol oynadı. İctimaiyyətin mövqeyi öyrənilir, əsaslandırılır. Hərtərəfli təhlillər aparılır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün dalbadal addımlar atılmaqdadır. Bir çox şəhid ailələrinin, Qarabağ əlillərinin banklara olan borcları bağlanıldı. Banklara 10 min manata qədər olan borclar bağlanıldı. Ölkə vətəndaşları üçün çox böyük müsbət nəticə oldu. Qarabağ əlilləri, şəhid ailələri və bu kateqoriyadan olanlara prezident təqaüdlərinin, müavinətlərin artırılması çox gözəl qərar oldu. Xeyli sayda bu kateqoriyadan olan vətəndaşlarımız bu fərman və sərəncamlardan məmnun oldular. Bundan əlavə, hər kəsə məlumdur ki, hər il əlillərə mənzillər, avtomobillər verilir. Bunun da əsasını ulu öndər Heydər Əliyev qoyub. Ötən il bu rəqəm 600 idisə, bu il 900-ə qədər artırılıb. Avtomobillər demək olar yekunlaşmaq üzrədir. Yaxın 1-2 il ərzində şəhid ailələri, əlilləri ilə bağlı mənzil problemi birdəfəlik həll olunacaq. Məcburi köçkünlərə tikilən mənzillər davamlı xarakter daşıyır. Bu istiqamətdə kifayət qədər böyük işlər görülüb. Bakıda və digər yerlərdə yataqxanalarda yaşayan vətəndaşlarımız yeni mənzillərə köçürülüblər. Mənzil məsələsində əlillər, şəhid ailələri, müharibə veteranları ilə sırada dayanır. Bu da vətənpərvərliyə olan ən böyük diqqət kimi tərəfimizdən qiymətləndirilir. Aparılan islahatları çox yüksək dəyərləndirirəm. ASAN Xidmətin yaranması çox böyük inqilab oldu. Arxasınca Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılması çox mühüm idi. Hərbi sahədə böyük islahatlar keçirildi. Çağırış sistemi şəffaflaşdı. Səfərbərlik işi günün müasir tələblərinə uyğun qurulubdur. Elektron hökumətə keçid Səfərbərlik Xidmətində də xeyli uğurlara gətirib çıxardı. Gənc kadrların irəli çəkilməsi prosesi də bütün sahələr üzrə aparılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diaspora Komitəsinin sədri Fuad Muradov, kənd təsərrüfatı naziri İnam Kərimov və digər yeni təyin olunan kadrlar çox uğurlu fəaliyyət göstərir. Bu sahələr üzrə böyük islahatların həyata keçirildiyi hər kəsə məlumdur. İslahatların davamlı olacağını cənab prezident qeyd edib. Biz də bu islahatları dəstəkləyirik. İnsanların yaşayış səviyyəsinin yüksəlməsinə, müdafiə sistemimizin gücləndirilməsinə böyük töhfələr verən addımlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bilirsiniz ki, hərbiçilərin mənzil şəraitlərinin yaxşılaşdırılmasına, ordunun güclənməsinə xüsusi diqqət ayrılır. Bu da dövlətimizin gücləndirilməsinə böyük töhfələr verir. Görülən işlər vətəndaşlarımızda məmnunluq yaradır. İslahatlar davamlı olacaq. Bu islahatlara vətəndaş cəmiyyəti olaraq töhfə verməyə hazırıq.

- Siz dövlət tərəfindən qazilər və müharibə veteranları ilə bağlı görülən işləri, atılam addımları bir-bir sadaladınız. Amma bununla belə, günlər öncə sanki qazilərlə bağlı bir kampaniya təşkil olundu. Xoşagəlməyən proseslər yaşadıq. Hətta onlara qarşı zorakılığın olduğu deyildi. Bunlara münasibətiniz necədir?

 

- Cənab prezident ad günlərini qazilərlə keçirir, onlara mənzillər verir. ölkənin birinci xanımının onlarla bağlı atdığı addımlar göz önündədir. Şəhidlərimizin dəfnində iştirak edirlər. Mübariz İbrahimovun dəfnini nümunə göstərə bilərik. Şəhidlərimiz böyük törənlərlə dəfn olunur. Azərbaycanda Qarabağ qazilərinə münasibət çox yüksək səviyyədədir. Onlar bizim qızıl fondumuzdur. Himnimizdə qeyd olunan qan verənlər şəhid və qazilərimizdir. Hüququndan keçən əsgər nə deməkdir? Şəhid yaşamaq hüququndan keçir. Qazi sağlamlıq hüququnu qurban verir. Onlara dövlət başçımız və ölkəmizin birinci xanımının göstərdiyi diqqət məmurlarımız üçün bir nümunədir. Təbii ki, haradasa bəzi problemlər var. Bunların aradan qaldırılacağına inanırıq. Bəzən elə hallar olur ki, qazi adından istifadə edənlər olur. Qazilərimizin özlərində, sağlamlıqlarında problemlər var. Bunlar da başa düşüləndir. Məsələlər araşdırılandan sonra hər bir məsələ öz həll yolunu tapır. İnsan olan yerdə bu cür hallar olur. Ailədə belə bəzən belə hallar baş verir. Amma Azərbaycan dövlətini istəməyən, onun siyasətini qəbul etməyən qüvvələrin olduğu heç kəsə sirr deyil. Xaricdə bəzi dairələr fürsət gözləyirlər ki, nədənsə ölkəmiz əleyhinə istifadə etsinlər. Lakin narahat olmağa dəyməz. Azərbaycan güclü dövlətdir. Öz problemlərini özü həll etməyi bacarır. Qazilərimiz və şəhid ailələrinin haradasa hüquqları pozulursa, dərhal bu məsələ öz həllini tapır. Əsas olan ölkə prezidentinin iradəsidir. Bu iradəyə qarşı kim çıxacaqsa, həmin insanlar cəzalandırılacaq.

 

- Təxminləriniz varmı, qazilərlə bağlı o prosesləri kimlər bu həddə gətirib çıxara bilərdi?

- Təbii ki, bu məsələlər araşdırılır. Çox yaxın zamanlarda ortaya çıxacaq. Həmin qazilərlə görüşüb söhbət etdim. Bizim təşkilatlara onlar müraciət etmişdilər. Onlar birmənalı şəkildə Azərbaycan dövlətini və onun prezidentini dəstəkləyirlər. Ola bilər ki, hansısa bir məmurdan narazılıq olsun. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də açıqlama verərək qazilərə hörmət və ehtiramını bildirdi. Amma bunu bütövlükdə hakimiyyətin, onun apardığı siyasətin üzərinə yönəltmək istəyən radikal müxalifət qüvvələri var idi. Qazilər Milli Şura başda olmaqla, həmin müxalif qüvvələrə layiqli cavab verdilər ki, siz gedin işinizlə məşğul olun, sizinlə birlikdə ola bilmərik, biz cənab prezidentin əsgəriyik. Müxalifətlə bir cərgədə olmalarının mümkünsüz olduğunu, onların siyasətlərinin əleyhinə olduqlarını bəyan etdilər. Azərbaycanda qazilərdən yararlanmaq istəyənlər var. Proseslər araşdırılır və həqiqətlər mütləq üzə çıxacaq. Onlarla görüşdə şahidi oldum ki, onlar dövlətçiliyimizin yanındadırlar.

- Müharibə iştirakçıları ilə bağlı atılan addımlar sistemli xarakter daşıyacaqmı?

- Təbii ki, bu istiqamətində sistemli iş aparılır. İndiyə qədər hər il verilən fərmanlar və sərəncamlar bunu sübut edir. Büdcədən onlara, onlarla bağlı problemlərin həllinə xeyli vəsaitlər ayrılır. Hər bir vətəndaşın, məmurun borcudur ki, şəhid ailəsinə, əlillərimizə yüksək ehtiram göstərsin.

 

- Bu istiqamətdə hansı sahələr üzrə problemlər görürsünüz?

 

- Maarifləndirməyə böyük ehtiyac var. Gələcəkdə bu istiqamətdə ciddi nəticələr əldə edəcəyik. Artıq bir sıra layihələr üzərində işləyirik. Düşünürük ki, Qarabağ əlillərinə, şəhid ailələrinə hüquqi xidmət göstərilməlidir. QHT-lər bu sahədə bəzi layihələr icra ediblər. Bu proses bütövlükdə bütün ölkəni əhatə etməlidir. Belə insanlara bütün sahələrdə diqqət və qayğı göstərilir. Qanunda da var ki, bu kateqoriyadan olan insanlar işə götürülməlidir. Amma bəzi yerlərdə buna əməl edilmir. Gələcəkdə bu məsələlərə də ciddi yanaşmalıyıq. Olan boşluqlar araşdırılıb aradan qaldırılmalıdır. Onu da qeyd edim ki, Türkiyədəki hərbi yönümlü QHT-lərlə əməkdaşlıq etdiyimiz üçün tez-tez gedib gəlirik. Oradakı qazilərin də problemləri var. İş olan yerdə nöqsanlar olacaq. Sadəcə, bu problemlər üzə çıxarılıb, həll olunmalıdır. Azərbaycan dövləti bu istiqamətdə ciddi işlər görür. Bəzən olur ki, Türkiyədəki qazi dərnəkləri bizə deyirlər ki, sizdən götürüləsi nümunələr var. Məsələn, orada qazilərə avtomobillər, ev verilmir. Dövlətin belə bir öhdəliyi də yoxdur. Cəmiyyətin belə bir öhdəliyi var. Bakı, Sumqayıt və digər yerlərdə binalar tikilir. Sahibkarlar o binadan bir şəhid ailəsinə mənzil versə, yaxşı olar. Bunu deməkdə məqsədim odur ki, cəmiyyətin bu məsələlərdə əlindən gələni etməli olduğunu xatırladım.

 

- Prezidentin son müşavirədə məmurlara yönəlik verdiyi mesajlar ciddi gündəm oldu. Bu barədə düşüncələriniz nədir?

- Cənab prezident bütün fəaliyyəti barədə xalqa mütəmadi olaraq məlumat verir. Bütün fəaliyyət şəffaf şəkildə həyata keçirilir. Cənab prezidentin illərlə apardığı siyasət budur. Cəmiyyətə açıq mesajlarını hər zaman ünvanlayır. Hökumətin içərisində nöqsanlar varsa, məmur özbaşınalığı varsa, bunu da açıqca mesajlarla çatdırır. Bütün bunlar ölkə başçısının qarşısına qoyduğu strategiyaya daxil olan məsələlərdir. Azərbaycanda islahatlar davam edəcək. Bu ölkə başçısının iradəsindən doğur. Özünün də dediyi kimi, bu siyasətlə ayaqlaşanlar qalacaq, ayaqlaşmayanlar getməyə məhkumdurlar. Son 10 ildə nə qədər nazirlərin, məmurların vəzifələrini itirdiklərinin şahidi olmuşuq. Gənc yaşında nazirlərimiz, komitə sədrlərimiz, xidmət rəislərimiz var. Bu proseslər davam edəcək. Çünki bunun arxasında prezidentin və dövlətin iradəsi var. Heç kim bu proseslərə mane ola bilməyəcək. Proseslər müsbət istiqamətdə davam edəcək. Bir sevindirici məsələ də sosial şəbəkələrlə, mətbuatla bağlıdır. Oranı yaxından izləyirik. Şahidi oluruq ki, Azərbaycan xalqının mütləq əksəriyyəti cənab prezidenti və onun siyasətini dəstəkləyir. Bu qürurverici məqamdır. (Musavat.com)

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Dollar ucuzlaşır, avro və funt bahalaşır

SONRAKI XƏBƏR

İrandan Türkiyəyə atəş açıldı: 1 əsgər şəhid oldu, 2 yaralı var