Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası üçün önəmli platformadır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası üçün önəmli platformadır

Bakının evsahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü maraqlı fikir mübadiləsi və müzakirələrlə yadda qaldı. On il əvvəl türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə Naxçıvanda keçirilmiş zirvə görüşündə əsası qoyulmuş Türk Şurasına Özbəkistan da üzv oldu. İstər dövlət başçılarının görüşü, istərsə də oktyabrın əvvəlində Bakıda keçirilmiş “Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi” mövzusunda konfransda bu illər ərzində görülən işlər təhlil edildi, gələcək fəaliyyətlə bağlı təkilflər səsləndirildi. Bu toplantıda iştirak edən Cənubi koreyalı türkoloq, professor xanım Eunkyung Oh təəssüratlarını bizimlə bölüşdü:

– Professor, Bakıya xoş gəlmisiniz. Paytaxtımız VII Zirvə görüşünə evsahibliyi edir. Sizcə, bu önəmli tədbir türk dünyasının gələcək inkişafı və ölkələrin əməkdaşlığı üçün hansı töhfələri verəcək?

– Həqiqətən də, türkdilli ölkə başçılarının ənənəvi olaraq Türk Şurası çərçivəsində görüşməsi və müzakirələr aparması çox əhəmiyyətlidir. Şura üzvləri olan ölkələri maraqlandıran vacib məsələlərin dövlət başçıları səviyyəsində müzakirəsi və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi qardaş xalqlar və dövlətlər arasında əlaqələri daha da möhkəmləndirəcək. Bu il şuraya Özbəkistanın da üzv kimi qoşulması, Macarıstanın Baş nazirinin də tədbirə qatılması əlamətdar hadisədir. Bu, bir daha Türk Şurasının gələcək fəaliyyətinə olan inam və etimadın göstəricisidir. Prezident İlham Əliyevin “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim etməsi əlamətdar hadisə oldu. Prezident İlham Əliyev TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyasının zəngin mədəni irsin tədqiqində, maddi və mənəvi dəyərlərin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynadığını xüsusi vurğuladı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısı çərçivəsində biznes-forumun keçirilməsi də çox önəmli addımdır. Bu, üzv ölkələrin iş adamları arasında biznes əlaqələrinin inkişafına, sərmayə qoyuluşlarının artmasına müsbət təsir edər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını türk dünyası üçün önəmli platforma hesab edirəm.

– Bundan əvvəl, oktyabrın əvvəlində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında mühüm rol oynayan Naxçıvan sazişinin 10 illiyinə həsr edilmiş konfransda siz də iştirak etmisiniz. Təəssüratlarınız necədir?

– Bildiyiniz kimi, 2009-cu ildə Türkdilli dövlət başçılarının görüşünün nəticəsi olaraq, Naxçıvan sazişi qəbul edildi. Həmin sənədə uyğun olaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması qərara alındı. Çox sevinirəm ki, Bakıda keçirilən bu yubiley tədbirində yenidən mən də iştirak etdim. Konfransın proqramına uyğun olaraq, məruzələr dinlənildi, müzakirələr aparıldı. Tədbir zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış üçün mənə söz verdi. Açığı, proqramda mənim məruzəçi kimi çıxış etməyim nəzərdə tutulmamışdı. Lakin məruzəçilər cərgəsində mənə söz verilməsi gözlənilməz, xoş bir sürpriz oldu. Türk dünyası ilə əlaqədar fikirlərimi, əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı düşüncələrimi konfrans iştirakçılarına çatdırdım. Koreya xalqının qədim dövrlərdən başlayaraq, türk xalqları ilə əlaqələri olması haqqında danışdım.

Bu il Budapeştdə Türk Şurasının ofisinin açılışı oldu. Macarıstanda hunların davamçıları yaşayırlar və bu gün onlar özlərini fəxrlə Atillanın nəvələri hesab edirlər. Koreya ilə türk xalqları arasında bu cür yaxın qohumluq əlaqələri olmasa da, oxşarlıqlar var. Qədim dövrlərdə Koreya xalqının türk xalqları ilə sıx əlaqələrinin olması faktı iştirakçılar tərəfindən də maraqla qarşılandı. Çıxışımda mənim ölkəmin də TDƏŞ-də hər hansı formada, məsələn, elə müşahidəçi ölkə kimi təmsil oluna biləcəyini təklif etdim, qurumun Avropa Birliyi prinsipləri əsasında inkişaf etməsinin vacibliyini vurğuladım. Bu görüş çərçivəsində BMTM ilə Türkiyə Respublikası XİN-in Strateji Araşdırmalar Mərkəzi arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin, eləcə də BMTM ilə Macarıstan Respublikasının Xarici Əlaqələr və Ticarət İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanmasını yüksək dəyərləndirirəm.

– Səfər çərçivəsində hansı görüşləriniz oldu?

– Konfransdan başqa, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva ilə maraqlı görüşüm oldu. Fondun gördüyü işlərlə, indiyə kimi çap etdirdiyi kitablarla tanış oldum. Türk dünyası mədəniyyəti ilə bağlı görülən işlərdən, icra ediləcək layihələrdən danışdıq. Bu görüşdə mənim təmsil etdiyim institutla fond arasında əməkdaşlıq protokolu imzalandı. Fondun nəşr etdiyi kitabların bir qismini koreya dilinə tərcümə edə bilərəm. Türk dünyası dastanlarının müqayisəli təhlilini aparıram. Öyrəndim ki, “Koroğlu” dastanı ilə bağlı kitab hazırlanır. İstərdim ki, mənim araşdırmalarım da o kitabda yer alsın. Hazırda “Alpamış” dastanı ilə bağlı araşdırma aparıram. Bu dastan da türk xalqlarının ortaq yazılı abidələrindəndir. Araşdırmamda, həmçinin Koreyanın məşhur dastanlarından birini “Alpamış”la müqayisəli şəkildə təhlil etmişəm. Dastanla bağlı yazdığım tədqiqat işi özbək və rus dillərindədir. Rus versiyası Almaniyada çap edilib.

– Gələcək üçün hansı planlarınız var?

– Bizim institutla Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin arasında əməkdaşlıq protokolu imzalanıb. Ümid edirəm ki, bundan sonra Koreyada Azərbaycanın hərtərəfli tanıdılması ilə bağlı daha çox iş görə biləcəyik. Çünki buna ehtiyac var. Azərbaycan və Koreya mütəxəssislərinin iştirakı ilə bir konfrans təşkil etmək ideyam var. Bir sıra sahələrdən elm adamlarını dəvət etmək, onların əməkdaşlıqla bağlı fikirlərini çatdırmaq istərdim. Hələlik, bu, fikir olaraq qalır. Bilirsiniz ki, belə konfransların təşkili çox maliyyə tələb edir. Bizim məhdud büdcəmiz var. Odur ki, mən Cənubi Koreya səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları ilə görüşdüm. Koreyalı mütəxəssislərin Azərbaycana gələrək, bu ölkə ilə hərtərəfli tanış olması, gələcəkdə səmərəli əməkdaşlığın yaranması üçün konfransın təşkilinin vacib olduğunu əsaslandırdım. Düşünürəm ki, müxtəlif sahələrin müxtəxəssisləri gəlib Bakını, Azərbaycanı öz gözləri ilə gördükdən sonra onlarda bu ölkəyə daha çox maraq və sevgi yaranacaq. Onlar müxtəlif istiqamətlərdə araşdırma və əməkdaşlıqların əsasını qoyacaqlar. Məqsədimiz iki ölkə arasında mədəni, elmi əlaqələrin inkişafı, xalqların dostluğudur.

Əvvəllər türkdilli dövlətlərdə səfir işləmiş sabiq diplomatları, eləcə də türkoloqları da konfransa dəvət etməyi düşünürəm. Nümayəndə heyəti tərkibində Koreyanın nüfuzlu qəzetlərinin əməkdaşlarının gəlib bu səfəri geniş işıqlandırmasını da vacib hesab edirəm. Türkologiya ixtisası üzrə təhsil alan magistrantların və doktorantların da bu konfransa qatılması yaxşı olardı. Azərbaycana ilk gəlişimdən etibarən sizin ölkənizi sevməyə başladım. Ziyalılarla ünsiyyət qurduqca, araşdırdıqca, Azərbaycana bağlandım. İstərdim ki, mənim kimi bir çox koreyalı alimlər də Azərbaycanı sevsinlər, araşdırmalarında ölkənizin zəngin mədəniyyəti, tarixi yer alsın. Bu yay Bakıya səfərim zamanı “Xalq qəzeti”ndə yer alan geniş müsahibəm Dongduk Qadınlar Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılandı. Qeyd edim ki, Azərbaycan dövləti tərəfindən universitetimizin rəhbəri doktor Cho Wonyoung təltif edilib. Yəqin ki, bununla bağlı Azərbaycan səfirliyinin əməkdaşlarının iştirakı ilə Koreyada təqdimat mərasimi də olacaq. Belə addımlar, sözsüz ki, xalqlarımız və dövlətlərimiz arasında olan dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.

– Azərbaycanı hərtərəfli öyrənmək üçün universitetlərdə hansı işlər görmək mümkündür?

– Azərbaycanı daha yaxşı tanıtmaq və elmi tədqiqatlar aparmaq üçün universitetlərdə Azərbaycanla bağlı kafedraların olması vacibdir. Belə bir məqsədimiz var. Bunun üçün Azərbaycandan maddi-texniki dəstək lazımdır ki, bu sahədə çalışan müəllimlərə maaş verilsin, eləcə də tələbələrdə maraq və həvəs oyatmaq üçün bu ixtisası seçən tələbələrə təqaüd təşkil edilsin. Əgər niyyətlərimiz reallaşarsa, əlaqələrimizin daha da genişlənməsinə və dostluğun möhkəmlənməsinə təkan olar. Eyni zamanda, bu addımlar Koreyada azərbaycanşünas mütəxəssislərin yetişməsinə şərait yaradar. Bundan başqa, növbəti gəlişimdə Azərbaycanın timsalında İslam ölkələrinin multikulturallığı və tolerantlığı ilə bağlı araşdırma aparmaq istərdim. Təəssüf ki, bu gün qloballaşan dünyada İslam deyəndə terror yada düşür. Bu, yanlışdır. İslamın mənəvi gözəllikləri, İslamda, sufizmdə olan fəlsəfi fikirləri insanların bilməsi lazımdır. Bu baxımdan düşünürəm ki, Azərbaycadakı İslam və multikulturalizm ənənələri dünyaya örnəkdir.

Müsahibəni qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com