Prezidentin islahatlar kursunu sabotaj edən məmurlar – xaricdəki anti-Azərbaycan mərkəzləri ilə bağlılıq iddiaları...

Prezidentin islahatlar kursunu sabotaj edən məmurlar – xaricdəki anti-Azərbaycan mərkəzləri ilə bağlılıq iddiaları...

Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bir sıra mühüm məqamlara toxundu. Ölkə başçısının çıxışı, faktiki olaraq, yeni islahatlar dalğasının anonsu idi. Görünən budur ki, Prezident cavan, müasir təhsil və dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verəcək.

Prezidentin həyata keçirdiyi islahatlar paketi cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün ictimai rəydən alınan dəstəyi artırdı. Lakin görünən odur ki, Prezidentin apardığı islahatlara mane olmaq istəyənlər var. Məsələ ondadır ki, ölkə başçısı müşavirədə islahatlara mane olanların mövcud olduğunu bildirdi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar” .

Dövlət başçısı çıxışında açıq bəyan etdi ki, islahatlar davam edəcək və islahatlara mane olanlara yerlərini göstərəcək: “Kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.

İlham Əliyevin çıxışında toxunduğu əsas məsələlərdən biri də islahatlara mane olmaq üçün seçilən vasitələrdən birinin media siyasəti və medianın daxili mübarizə alətinə çevrilməsinin yolverilməzliyi ilə bağlı idi: “Mətbuat, bir növ, daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır”.

Görünən odur ki, müəyyən qüvvələr aparılan islahatları əngəlləmək istəyirlər. Azərbaycanda inkişafı həzm etməyən qüvvələrdən biri də xaricdə fəaliyyət göstərən müəyyən dairələrdir. O baxımdan ehtimal ki, hakimiyyət daxilində bəziləri təkcə öz mənafeləri naminə islahatlara mane olmurlar. Bu həm də xaricdəki dairələrin təxribatı da ola bilər. Çünki istəmirlər ki, Azərbaycan dinamik və dayanıqlı inkişaf etsin. Bu ehtimalı ekspertlər necə dəyərləndirirlər?

“Onlar prosesdən kənarda qalıb ifşa olunacaqlar”

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli bu versiyanı istisna etmədi. Onun fikrincə, belə qüvvələr təkcə ölkə daxilində deyil: “Eyni zamanda, ölkədən kənarda fəaliyyət göstərən dairələrin də Azərbaycanda islahatların aparılmasında marağı yoxdur. Xaricdəki dairələr dolayı yollarla islahatlara mane olan şəxsləri maliyyələşdirməyə cəhd göstərirlər. Şübhəsiz ki, burada müxtəlif faktorlar var. İslahatlara mane olanlar başa düşürlər ki, hazırkı reallıqlar yeni düşüncə, milli dəyərlərə sədaqət və modern təfəkkür tələb edir. Bununla belə, idarəçilikdə işgüzarlıq və bacarıq vacib şərtlərdən biridir. Çünki proseslərin arxasınca sürünməklə irəliyə doğru hər hansı addım atmaq mümkün deyil. Ancaq bəziləri özlərini sığortalamaq üçün bu və ya digər şəkildə həm ölkədəki radikal qruplarla, həm də xaricdəki dairələrlə əlbir olaraq prosesi ləngitmək istəyirlər. Ancaq Prezident İlham Əliyev çıxışı ilə bəyan etdi ki, siyasi iradə və qətiyyət ortadadır. Prezidentin yeritdiyi siyasətin təməlində çox ciddi və güclü iradə dayanır. Biz dəfələrlə bunun şahidi olmuşuq. Dövlət başçısı nəinki ölkə daxilində, ölkədən kənarda da Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyur. Bu baxımdan hesab edirəm ki, islahatlara maneə yaratmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər. Onlar prosesdən kənarda qalıb ifşa olunacaqlar”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com