Yaşıllar və Yaşıl Liberallar İsveçrədə parlament seçkilərinin qalibi olub

Bern, 20 oktyabr, AZƏRTAC

Yaşıllar və Yaşıl Liberallar partiyaları oktyabrın 20-də İsveçrədə keçirilən növbəti parlament seçkilərinin qalibi olublar. Ölkənin iki ən böyük partiyası – millətçi-mühafizəkar İsveçrə Xalq Partiyası (SVP) və İsveçrə Sosial-Demokratlar Partiyası (SP) ciddi itkilərlə üzləşib.

AZƏRTAC xəbər verir ki, “Qreta effekti” (ətraf mühitin mühafizəsi ilə bağlı gənc aktivist Qreta Tunberqin təşəbbüsü ilə həyata keçirilən aksiyalar) “yaşıl dalğa“nın daha da güclənməsinə səbəb olub. Yaşıllar 13 faiz səs toplayıblar, yaşıl liberallar isə seçicilərin 7,6 faizinin rəğbətini qazanıblar. Bununla da bu partiyalar parlamentin böyük palatasında ümumilikdə 44 mandat əldə ediblər.

İsveçrə Xalq Partiyası seçkilərdə ən çox səs alan partiya olsa da, ötən seçkilərlə müqayisədə 11 faiz səs itirib və 25,6 faizlə kifayətlənməli olub (54 mandat). Sosial-demokratlar isə 16,5 faizlə ikinci ən güclü partiya kimi parlamentdə təmsil olunacaq. Liberallar (FDP) 15,5 faiz və Xristian Demokratik Partiya (CVP) isə 11,4 faiz səs alıblar.

Seçkinin nəticələri göstərib ki, İsveçrə əhalisi dörd il əvvəl populyar olan qaçqınlar və miqrasiya mövzularını ekologiya mövzusu ilə əvəzləyib. İsveçrədə siyasi arenada ciddi dəyişikliklər dəb deyil və 60 ildən bəridir ki, dörd siyasi qüvvə (SVP, SP, FDP və CVP) arasında bölüşdürülür, hökumət də bu siyasi qüvvələrin üzvlərindən təşkil olunur. Lakin daim müxalifətdə olan yaşılların parlamentin hər iki palatasında ciddi fraksiyaya çevrilməsi yeni hökumətin formalaşmasında onların da iştirak etmək istəyəcəklər. İsveçrə dövlətinin son 171 illik tarixində xristian-demokratları ilk dəfə arxada qoyan yaşılların belə bir iddiası konkret nəticələrə aparıb çıxara bilər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bundesliqada meydan sahiblərinin günü

SONRAKI XƏBƏR

Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib