"Kimlərinsə ərköyünlüyünə, cığallığına imkan verilməyəcək" – Deputat

Hər bir aksiya-mitinq, yürüş müəyyən qanunvericilik çərçivəsində olmalıdır. Qanundankənar heç bir kütləvi aksiya keçirilməməli və buna yol verilməməlidir. Azərbaycan hüquqi, demokratik ölkədir və burada hər bir proses qanunlarla tənzimlənir. İndiyə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Kimlərinisə özünü qanundan yuxarı görməsinə, aparmasına imkan verilməyəcək.

Demokrat.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev Milli Şuranın 19 oktyabr aksiyasına və son yaşananlara münasibətini bildirərkən deyib.

“Mən insanları kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm. Hər şey qanunvericilik çərçivəsində olmalıdır. Hansısa qüvvələr mitinq, kütləvi aksiya keçirəndə icazə almalıdır. Əks halda yaşanan qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi, dağıntıların olması dövlətin də imicinə ziyandır.

Dünənki mitinq də bu baxımdan qəbulolunmaz idi. İnsanların kütləvi şəkildə ora axışması, yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları iğtişaşlara səsləyən müxalifət liderlərinin üzərinə düşür. Onlar bu məsələdə məsuliyyət daşıyırlar.

Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının, 90-cı illərinin əvvəllərinin, xaosun, anarxiyanın, özbaşınalığın, hüquqi nihilizmin hökm sürdüyü Azərbaycanı deyil. Artıq o dövlər çoxdan geridə qalıb. İndiki Azərbaycan artıq qanunlarla idarə olunan güclü, qüdrətli, müasir, modern və model Azərbaycandır və onun qüdrətli, cəsarətli, müdrik lideri var.

Ona görə də kimlərinsə ərköyünlüyünə, cığallığına, özünü qanunlardan üstün tutmasına imkan verilməyəcək. Bunu həmin qüvvələr nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olar”-deyə, T. Rzayev bildirib.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Yerində saymaqla nəyəsə nail olmaq mümkün deyil - Olimpdəkilər - FOTO

SONRAKI XƏBƏR

Əli Əhmədov: “Gəlin birlikdə Azərbaycanı qoruyaq!”