Qondarma “DQR”in özünün kağız pulları - suveren Azərbaycana qarşı cinayətdə Avropa Mərkəzi Bankının da adı keçir...

Qondarma “DQR”in özünün kağız pulları - suveren Azərbaycana qarşı cinayətdə Avropa Mərkəzi Bankının da adı keçir...

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz əməllər, insanlığa və beynəlxalq qanunlara zidd əməllər törətməkdə davam edirlər. Qondarma “DQR”in “müstəqilliyi”nin tanıdılması üçün ermənilər hər vasitəyə əl atırlar. Bu məsələdə ermənilər əllərinə düşən bütün fürsətlərdən sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirirlər. Qondarma rejimin “müstəqilliyini” tanıtmaq üçün ermənilər bir sıra işlər görür və təbii ki, bu işlərin hamısı Azərbaycana qarşı təxribatdır.

Saytlarda və sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycan torpaqlarında ermənilərin yaratdıqları qondarma “Artsax Respublikası”na həsr olunmuş “əskinaslar” dövriyyəyə buraxılacaq.

Onu da vurğulayaq ki, bu, ermənilərin Avropada Azərbaycana qarşı növbəti təxribatıdır və bu təxribata Avropadakı anti-Azərbaycan qüvvələrinin də qoşulduğu aydın şəkildə görsənir.

Məlum olduğu kimi, “Euro Souvenir Bank” saytında üzərində qondarma Qarabağ rejiminin “simvolları” əks olunmuş “0” nominallıq yeni “əskinaslar” təqdim edilib.

Noybarın 11-də dövriyyəyə buraxılacaq “əskinaslar” Avropa Mərkəzi Bankının dəzgahlarında buraxılacaq və rəsmi əmtəə nişanı alacaq.

“...məqsədli şəkildə, bilərəkdən həyata keçirilib”

Avropa Mərkəzi Bankının dəzgahlarında çap ediləcək və rəsmi əmtəə nişanı alacaq “Artsax Respublikası”na həsr edilən “əskinaslar”ın dövriyyəyə buraxılmasının Azərbaycana qarşı təxribat olduğunu və bu təxribatda Avropadakı anti-Azərbaycan qüvvələrinin də yaxından iştirak etdiyini deyən tanınmış iqtisadçı, millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu “əskinaslar”ın hazırlanmasında əsas məqsəd qondarma “DQR”in “müstəqil dövlət” olaraq tanınmasına nail olmaqdır. Ermənilərin bu təxribatına Qərb ölkələrindən də dəstək verildiyini deyən R.Quliyev hesab edir ki, bunu edənlər Azərbaycan dövlətinin müstəqil və uğurlu xarici siyasət yürütməsini həzm edə bilməyən qüvvələrdir. “Bilirsiniz ki, Avropada, Qərbdə Azərbaycana yanaşmada həmişə ikili standart mövcud olub. Biz bunu Dağlıq Qarabağ probleminə münasibətdə də görürük. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin dörd qətnaməsi var və bu qətnamələr indiyə qədər yerinə yetirilməyib. Baxmayraq ki, bütün dünya, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib tanıyır. Amma bununla yanaşı, yenə də separatçı rejimlə əlaqələr qurulur, Avropa ölkələri, ABŞ-dan qondarma “respublika”ya deputatlar, rəsmi şəxslər səfər edirlər. Bu yalnız Avropada erməni lobbisinin güclü olmasının nəticəsi deyil, həm də burada Azərbaycanı istəməyən qüvvələrin də rolu var. Aydındır ki, Qərbdə, Avropada Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil xarici siyasəti həzm edə bilməyənlər az deyil. Doğrudur, bu ölkələrdə bizi istəyənlər də çoxdur, amma istəməyənlər də yox deyil. Təəssüflər olsun ki, Azərbaycanı istəməyən ermənipərəst qüvvələr bizə qarşı daha mütəşəkkil işləyirlər. Bu gün ermənilər və ermənipərəst qüvvələr hər nə yolla olsa da, “Artsax”ı “müstəqil dövlət” kimi tanıtmaq istəyirlər. Bu faktdır. Bilirsiniz ki, bu ayın əvvəllərində qondarma “DQR”də yaradılan “Artsax” adlı akademik musiqi ansamblının Krımda konserti keçirildi. Konsert keçirilməmişdən bir neçə gün əvvəl mən Ukraynanın Azərbaycandakı səfirinə müraciət etdim və bu məsələyə siyasi qiymət verilməli olduğunu dedim. Mənə bildirdilər ki, Ukraynanın Xarici İşlər Nazirliyi dərhal Ermənistanın bu ölkədəki səfirini nazirliyə dəvət edib və məsələni onlara izah edib, səfirlikdən isə konsertin keçirilmədiyi bildirilib. Lakin təəssüf ki, Krımda sözügedən konsert keçirildi və orada ermənilər “Artsax”, “Hayastan” deyiblər. Krımda keçirilən bu konsertdən ermənilərin siyasi məqsədlər üçün istifadə etdiyi məlumdur. Gərək buna Rusiya dövləti müdaxilə edəydi. Ən azından, ATƏT-in Minsk Qrupunun üzvü kimi Rusiya qondarma rejimin adından çıxış edən ansamblla, burada səsləndirilən fikirlərlə bağlı addımlar atmalı idi. Rusiya Dağlıq Qarabağı “müstəqil dövlət” kimi deyil, Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

“Artsax Respublikası”na həsr edilən “o” nominallı “əskinasın” çapına gəlincə, R.Quliyev qeyd etdi ki, Avropa Parlamentində də Qarabağın Azərbaycanın olması dəfələrlə səsləndirilib. “Avropa Mərkəzi Bankında “Artsax Respublikası”na həsr edilən “əskinası” çap etməklə onlar bütün beynəlxalq qanunları, eyni zamanda, mövcud qərarları pozublar. Digər tərəfdən, hesab edirəm ki, bu “əskinasın” çapı məqsədli şəkildə, bilərəkdən həyata keçirilib. Düşünürəm ki, bu kimi qanunazidd addımlar atmaqla Avropa özünü problemə düçar edir. Belə bir “əskinasın” çap edilməsi cinayətdir və Avropa Birliyi də bununla həmin cinayətə şərik olur. Bilirsiniz, bunlar bir tərəfdən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıdıqlarını deyirlər, digər tərəfdən də ermənilərə bu şəkildə dəstək verirlər. Çox təəssüflər olsun ki, bu, ikili standartın nəticəsidir. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və bərpa olunmalıdır. Ermənilər ərazi bütövlüyümüzə qəsd xarakteri daşıyan təxribatları ilə heç nəyə nail ola bilməyəcəklər” - deyə R.Quliyev qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com