Rusiyalı politoloq: "Separatçıların Moskvaya səfəri Rusiya ilə Azərbaycanın arasını vurmaq məqsədi daşıyır"

Rusiyalı politoloq: "Separatçıların Moskvaya səfəri Rusiya ilə Azərbaycanın arasını vurmaq məqsədi daşıyır"

“Bu səfər Rusiya rəsmi şəxsləri və ya hökumətə yaxın ictimai təşkilatlar tərəfindən himayə olunmayıb. Rusiyada rəsmi qeydiyyatdan keçmiş heç bir özünə hörmət edən təşkilat belə işlərdə iştirak etməz. Rusiya vətəndaşları hansısa şübhəli məsələlərə qarışıb sonra başına iş açmaq əvəzinə öz ölkəsinin qanunlarına əməl etməlidir”.

Bunu “Report”un Rusiya bürosuna Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərini şərh edərkən bildirib.

“Bəli, onlar daim Rusiyada hansısa tədbir keçirdiklərini göstərməyə çalışırlar. Bunlar Rusiya ərazisində baş verirsə, deməli, Rusiya guya bunu dəstəkləyir. Heç də elə deyil! Onlar, doğrudan da, Moskvaya gəliblər, şəkil çəkdirib erməni saytlarında yerləşdiriblər, amma rəsmi səviyyədə heç bir açıqlama yoxdur. Yəni bunların hamısı Rusiya ilə Azərbaycanın arasını vurmaq üçün tərtib edilən oyundur, təxribatdır”, - deyən rusiyalı politoloq Rusiyaya Azərbaycan tərəfindən verilən notaya toxunaraq bunun cavabsız qalmayacağını qeyd edib: “Bu cavab Azərbaycana verilməyəcək. Söhbət həmin şəkillərdən, bu işdə iştirak edən şəxslərin əməllərindən gedir. Sözsüz ki, bu məsələyə Rusiyanın qanunları, o cümlədən ekstremist fəaliyyətlərə qarşı qanun nöqteyi-nəzərindən müəyyən diqqət yetiriləcək”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Tokarev də sözügedən səfərin heç də rəsmi xarakter daşımadığını, Masis Mayilyanın bu şəxsi səfərinin separatçı rejimi tanımaq istiqamətində hər hansı addım atılması demək olmadığını vurğulayıb. Rusiyalı politoloq bu məsələyə Rusiyanın da, Azərbaycanın da reaksiyasını təbii olaraq səciyyələndirib: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu səfərin qeyri-rəsmi olduğunu vurğulayır. Azərbaycan tərəfinin bu səfəri niyə müqavilənin pozulması kimi qəbul etdiyini anlayıram. Azərbaycan tanınmamış respublikanın nümayəndələrinin Rusiyaya gedib-gəlməsinə qarşı olduqlarını Rusiyaya rəsmi şəkildə çatdırmaq istəyir. Amma burada söhbət fərdi şəxsin şəxsi səfərindən gedir”.

Mənbə: report.az