Nasizmin qəhrəmanlaşdırılması yolverilməzdir

Nasizmin qəhrəmanlaşdırılması yolverilməzdir

BMT Baş Assambleyasının Üçüncü Komitəsi Rusiyanın təqdim etdiyi “Rasizmin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bunlarla bağlı dözümsüzlüyün eskalasiyasına şərait yaradan nasizmin qəhrəmanlaşdırılması, neonasizm və digər praktika formalarına qarşı mübarizə” haqqında qətnaməni qəbul edib. Məlumatı TASS verib.

Sənəd 66 maddədən ibarətdir. Sənədin mətnində bütün dövlətlərə israrla çağırış edilir ki, irqi ayrı-seçkiliyin bütün formaları hər cür vasitə ilə, lazım gələrsə, qanunvericilik yolu ilə ləğv edilsin.
Sənəddə, eyni zamanda, nasizm hərəkatının istənilən formasının, ­neonasizmin və “Waffen-SS” təşkilatının sabiq üzvlərinin qəhrəmanlaşdırılması ilə bağlı dərin narahatlıq ifadə olunur. Söhbət “nasist keçmişin, nasist hərəkatın və neonasizmin tərənnüm olunması, eləcə də müvafiq təşkilat üzvlərinin və antihitler koalisiyası əleyhinə mübarizə aparmış, nasist hərəkatı ilə əməkdaşlıq etmiş, hərbi və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin milli azadlıq hərəkatının üzvləri elan edilməsi və buna cəhd göstərilməsi, o cümlədən onları qəhrəmanlaşdırmaq məqsədilə küçə adlarının dəyişdirilməsi, abidələrin ucaldılması, xatirə lövhələrinin vurulması və kütləvi nümayişlər keçirilməsindən gedir”.
Müəlliflər İkinci dünya müharibəsi illərində nasizmə qarşı mübarizə aparmış şəxslərin şərəfinə ucaldılmış abidələrin dağıdılması ilə bağlı faktlardan da narahatlıqlarını bildirib. Qətnamədə bu cür hallara, nifrət ideologiyasının daşıyıcısı olan qruplara, II dünya müharibəsinin nəticələrinin dəyişdirilməsi cəhdlərinə qarşı bütün vasitələrlə, eləcə də internetdən istifadə etməklə mübarizə aparmaq öz əksini tapıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com