TRAMP ƏRDOĞANLA “S-400” MƏSƏLƏSİNİ NECƏ HƏLL ETMƏK İSTƏYİR

TRAMP ƏRDOĞANLA “S-400” MƏSƏLƏSİNİ NECƏ HƏLL ETMƏK İSTƏYİR

Amerika prezidenti bu məsələnin iki ölkənin müxtəlif qurumları tərəfindən müzakirə olunacağını bildirib.

ABŞ prezidenti Donald Tramp (Donald Trump) türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Vaşinqton və Ankara danışıqlar əsnasında Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket sistemlərinin tədarükü ilə bağlı məsələni həll edə biləcəyinə ümid edir. Bu barədə “NBC News” xəbər verir.

“Bu məsələni müzakirə etdik. Mövzunun xarici işlər nazirlikləri və nazirlər səviyyəsində müzakirə ediləcəyinə dair razılığa gəldik”, - deyə Tramp qeyd edib.

Tramp-Ərdoğan görüşündən sonra dəfələrlə “S-400” məsələsinə toxunulub. Ağ Evdəki görüşdən dərhal sonra Türkiyə prezidenti ona ünvanlanan sualı cavablandırmayıb, ABŞ rəhbəri isə “mövzunun müzakirə ediləcəyini” deyib.

Ağ Ev yaxınlığındakı mətbuat konfransında Ərdoğan bildirib ki, “S-400” sistemlərinin tədarükü ilə bağlı fikirayrılığını yalnız iki ölkə arasında dialoq yoluna qoya bilər. Tramp öz növbəsində Türkiyənin ABŞ-ın etibarlı müttəfiqi olduğunu, bütün öhdəliklərini yerinə yetirdiyini və NATO-nun büdcəsinə böyük vəsait yatırdığını qeyd edib.

Daha əvvəl “The Washington Post” məlumat verib ki, Tramp “S-400” sistemlərinin alışı ilə əlaqədar Amerika sanksiyalarından yan keçmək üçün Türkiyə liderinə variant təklif etməyə hazırlaşır. ABŞ prezidenti bu yolla iki ölkə arasında meydana çıxan fikirayrılığı fonunda Ərdoğanla münasibətləri yaxşılaşdırmağa ümid edib.

Ötən ay ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiya paketini dəstəkləyib. “Ərdoğan Suriyada kürd müttəfiqlərimizə hücum etdikdən, türk qüvvələri administrasiyanın öz təbiri ilə desək, hərbi cinayət törətdikdən sonra Trampın onu Ağ Evə dəvət etməsi dəhşətdir”, - demokrat senator Kris Van Hollen (Chris Van Hollen) deyib.

Mənbə: www.xpressa.net