Radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş - Ekspert

Radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş - Ekspert

Bakı. Samir Əli - Trend:

Siyasi mühacir adı altında Almaniyaya sığınmış bir qrup müsavatçı azərbaycanlının aşkar kriminal əməllərə görə bu ölkənin polisi tərəfindən həbs edilməsi ilk növbədə dövlətimizin və xalqımızın dünyadakı müsbət imicinə ləkə salan rüsvayçılıq kimi dəyərləndirilməlidir.

Trend-in məlumatına görə, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, indiyədək adları Azərbaycan dövlətçiliyinə qarşı qərəzli qarayaxmalarda hallanan bu şəxslərin ifşa olunmuş əməlləri sübut edir ki, onların indiyədək insan hüquqları və demokratiya barədə gurultulu bəyanatları boğazdan yuxarı hay-küy olmaqla bərabər, həm də bir sıra cinayət əməllərini ört-basdır etmək üsulundan başqa bir şey deyilmiş:

"Vaxtilə Azərbaycanda Müsavat Partiyasının fəal üzvləri olmuş və sonradan uydurma siyasi motivlər düzüb - qoşaraq ölkədən mühacirət etmiş bu şəxslər Almaniyada da saxta və qurama işlərdən geri çəkilməmiş, öz "qabiliyyətlərini" hətta saxta miqrant ticarəti şəbəkəsinin yaradılmasına qədər davam etdirmişlər. Bir müddət əvvəl Almaniya polisinin bu ölkədə cinayətkar erməni mafiyasının üzvlərini ifşa etməsinin ardınca müsavatçıların qanunsuz miqrant ticarəti ilə məşğul olmalarının üzə çıxması çox ağrılı və millətimiz üçün təhqiramiz faktdır. İnsan haqlarının müdafiəsi kimi hay-küyçülüyün altında cinayət əməlləri ilə məşğul olan müsavatçılar dünya erməni lobbisi və diasporu ilə çox uğurlu mübarizə apardığımız dövrdə dövlətimizin imic və mənafelərinə arxadan zərbə vurdular. Bu cinayəktar qrupa hər zaman siyasi və mənəvi himayə göstərərək onları həm də indiki Azərbaycan reallıqları əleyhinə mübarizəyə yönəldən Müsavat Partiyası və onun rəhbərliyi də konkret məsuliyyət daşıyr".

A.Quliyev vurğulayıb ki, Azərbaycanda insan haqları adı altında sabitliyi pozmağa davamlı cəhdlər göstərən Müsavat Partiyası öz üzvlərinin xaricdə yaratdığı miqrant alveri şəbəkəsinin cinayət əməllərinə görə öz məsuliyyətini dərk etməli və Azərbaycan xalqından üzr istəməlidir:

"Hətta saxta viza kağızları çap edən maşınların quraşdırılması, saysız pasportların toplanması bu cinayətkar şəbəkənin uzaq gedən fəaliyyət planlarına malik olduqlarından xəbər verir. Mühacir müsavatçıların cinayətkar dəstə üzvləri Azərbaycanla Almaniyanın inkişaf edən əməkdaşlıq əlaqələrini də bir sıra suallar qarşısında qoydu. İfşa olunmuş mühacirlərin hər birinin ad-soyadı Azərbaycan xalqının yaddaşında populyar olaraq qalmış fəal Müsavat üzvləridir. İstisna deyil ki, Almaniyada qurulmuş bu qanunsuz miqrant ticarəti biznesinin təşkilat və maliyyə uzantıları Azərbaycanın içinə, ilk növbədə Müsavat Partiyasına qədər uzanıb gəlir. Müsavatçılar öz qanunsuz əməlləri ilə həm də əbədi və əzəli düşmənlərimiz olan erməni-daşnak mafiyasının əlinə kəskin bir silah verdilər. Cinayətkarların harada və hansı millətdən, partiyadan olmasından asılı olmayaraq öz cəzalarına çatacaqları şəksizdir. Ancaq indi Azərbaycan xalqı üçün ən maraqlı məqam odur ki, Müsavat rəhbərliyi öz üzvlərinin qanunsuz əməllərinə görə xalqımız qarşısında ağır məsuliyyət daşıdığını necə göstərəcək və nünayiş etdirəcək?! Çünki fakt sübut etdi ku, Müsavat Partiyası, ümumiyyətlə radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş...".

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mənbə: az.trend.az