ABŞ Suriyanın Ayn-əl-Ərəb şəhərindən qoşunlarını çıxarıb

ABŞ Suriyanın Ayn-əl-Ərəb şəhərindən qoşunlarını çıxarıb

Bakı, 14 noyabr, AZƏRTAC

Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhərindən qoşunlarını tam çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Noyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi kontr-admiral Uilyam Bern ABŞ qoşunlarının böyük hissəsinin Kobani rayonunu tərk etdiyini bildirib. Oktyabr ayının ortalarında Pentaqon rəhbəri Mark Esper Türkiyənin regionda əməliyyata başlaması səbəbindən Suriyanın şimalından minə yaxın hərbçinin çıxarması prosesinə başlandığını deyib. Oktyabrın 16-da ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Hələb şəhərindən 150 kilometr məsafədə yerləşən Kobani rayonundakı hərbi bazalarını tam ləğv edib, həmçinin şimal-şərqdəki Rakka və Tabku şəhərlərindən çıxıb.

Oktyabrın 28-də Mark Esper Birləşmiş Ştatların neft yataqlarını qorumaq üçün Suriyanın şimalına əlavə hərbçilər göndərmək niyyətində olduğunu açıqlayıb.

Mənbə: azertag.az