Azərbaycan hərbi büdcəni 20 faiz artırdı, Ermənistan dondurdu – Paşinyanın öz xalqı başında iki oyunu...

Azərbaycan hərbi büdcəni 20 faiz artırdı, Ermənistan dondurdu – Paşinyanın öz xalqı başında iki oyunu...

Azərbaycan müdafiə xərclərini davamlı şəkildə artırır. Belə vəziyyət isə, təbii ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli zamanı Azərbaycanın üstünlüyünün daha böyük fərqlə artmasına xidmət edir.

2020-ci ilin dövlət büdcəsində hərbiyə ayrılan xərclər 20 faiz artırılacaq. Belə ki, müdafiə xərclərinin büdcəsi 20.9% artıırılmaqla, 2.267 milyard dollara çatıb. Bunun 945 milyon dolları silah alışı və hərbi sənaye sərmayəsi üçün nəzərdə tutulub. Erməni mətbuatı bütün bunları böyük narahatlıqla izləyir. Ancaq Ermənistan hökuməti 2020-ci ildə dövlət büdcəsini 14 faiz artırmağı planlaşdırdığı halda, hərbi xərclərin artımını dondurub.

Ermənistanda bir çoxunu narahat edən məsələ budur ki, gələn il ölkə hərb sahəsinə hökumətin vəd etdiyi həcmdə də vəsait ayıra bilməyəcək. Buna əsas səbəb hərb üçün nəzərdə tutulan xərclərin pisləşən sosial sahəyə yönəldilməsi ehtimalının artmasıdır. Nikol Paşinyan hakimiyyəti Ermənistanın rifah səviyyəsinin artırılması ilə bağlı bir sıra vədlər versə də, bu özünü doğrultmayıb. Bu isə sosial narazılığı artırır və Paşinyan belə vəziyyəti özü üçün ciddi təhdid sayır. Ona görə də Paşinyan hakimiyyətini qorumaq üçün hərbi xərcləri azaldaraq bunu sosial sferaya yönəltməyi düşünür. Bu isə o deməkdir ki, gələn il ölkənin hərbi xərcləri artmaq əvəzinə azalacaq.

Görünən odur ki, Ermənistanın hazırkı iqtisadi imkanları gələn il hərbi xərcləri artırmaq imkanında deyil. Başqa bir tərəfdən, Paşinyan hakimiyyəti hərbi üçün nəzərdə tutulan xərcləri sosial sahəyə yönəltməklə, bu sahədə getdikcə artan narazılığı önləmək istəyir. Məhz bu iki amillə əlaqədar gələn il üçün nəzərdə tutulan hərbi xərclər dondurulub.

“Ermənistanda o qədər sosial problem var ki, bu kimi qərarlar belə, bu yöndə tələbləri qarşılamaq iqtidarında deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bütün bunlar Paşinyan hakimiyyətinin ziyanına işləyəcək: “Məsələ ondadır ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Heç kəs 100 faiz zəmanət verə bilməz ki, gələn il müharibə baş verməyəcək. 1994-cü ilin mayından üzübəri atəşkəsin qorunması o demək deyil ki, genişmiqyaslı hərbi əməliyyatların başvermə risqi aşağıdır. Əksinə, hesab edirəm ki, danışıqların uzun illər nəticə verməməsi müharibə ehtimalını artırır. Təbii ki, Ermənistan Azərbaycanla silahlanma məsələsində yarışa bilməyəcək. Çünki bu ölkə dilənçi vəziyyətindədir. Ermənistanı indiyə qədər qoruyan başlıca amil bu ölkənin Rusiyanın himayəsi altında olmasıdır. Ancaq Rusiyanın Paşinyanla münasibətlərində yaşananlar bunun hər an dayana biləcəyi anlamına gəlir. Digər tərəfdən, Ermənistan hakimiyyəti gələn ilin dövlət büdcəsində müəyyən artımlara getsə də, hərbiyə ayrılan xərcləri sosial sahəyə yönəltsə də, bu, nəyisə dəyişə bilməyəcək. Yəni Paşinyanın bununla özünü sığortalaya bilməsi mümkün deyil. Əksinə, bütün bunlar onun əleyhinə işləyəcək. Birincisi, Paşinyana rəqib olan müxalifət bundan ona qarşı güclü siyasi təbliğat vasitəsi kimi istifadə edəcək. İkincisi, Ermənistanda o qədər sosial problem var ki, bu kimi qərarlar belə, bu yöndə tələbləri qarşılamaq iqtidarında deyil. Ona görə də məsələyə hansı tərəfdən yanaşsaq, bütün bunlar Paşinyanın ziyanına işləyəcək”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com