Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Paris, 14 noyabr, AZƏRTAC

UNESKO-nun Baş Konfransı çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Sinqapurun Mədəniyyət, İcmalar və Gənclər naziri Qreys Fu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Sinqapur naziri ölkəsinin elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlı olmasından, bu sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. O, ölkəsində təhsil və elm sahəsində baş verən proseslərə toxunub. Qreys Fu Azərbaycanın maddi mədəni irs sahəsində təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.

Ramiz Həsənov ölkəmizin Sinqapurla əlaqələrə önəm verdiyini diqqətə çatdırıb. O,

Qoşulmama Hərəkatına üzv ölkələrin Bakıda keçirilən dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün əhəmiyyətinə toxunaraq, tədbirdə Sinqapur Xarici İşlər nazirinin iştirak etdiyini xatırladıb.

Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan “Bakı Prosesi” haqqında ətraflı məlumat verilib.

Görüşdə ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, UNESKO ilə əlaqələrimizdən danışılıb. Maddi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində ölkəmizin siyasəti və bu sahədə təcrübəmiz haqqında məlumat verilib. Azərbaycanın öz təcrübəsini Sinqapurla bölüşməyə hazır olduğu bildirilib. Sinqapur naziri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb.

Tərəflər ikitərəfli əməkdaşlığın, eləcə də UNESKO tərkibində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi də aparıblar.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az