Gürcüstan müxalifəti parlamentin binası qarşısında etiraz aksiyası keçirib

Gürcüstan müxalifəti parlamentin binası qarşısında etiraz aksiyası keçirib

Tbilisi, 14 noyabr, AZƏRTAC

Bu gün Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada iki min nəfərə yaxın insan iştirak edib. Paytaxt Tbilisidəki mərkəzi Rustaveli prospekti bağlanıb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Polis əməkdaşları yolu açmağa çalışsalar da, aksiya iştirakçıları buna mane olublar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Xatırladaq ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası növbəti seçkilərin (2020-ci il) proporsional sistemi üzrə keciriləcəyini və bununla əlaqədar Konstitusiya qanununa dəyişikliklər olunacağını vəd etmişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı hakim partiyanın bəzi üzvləri də daxil olmaqla, bir qrup deputat qanun layihəsinin əleyhinə səs verib və qanun qəbul olunmayib.

Bu gündən müxalifət partiyaları birləşərək yenidən etiraz aksiyalarına başlayıb. Onlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirmək niyyətindədirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az