Cənubi Koreya danışıqlara təkid etsə KXDR Kımqan dağındakı kurort avadanlıqlarını sökəcək

Cənubi Koreya danışıqlara təkid etsə KXDR Kımqan dağındakı kurort avadanlıqlarını sökəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) Kımqan dağında yerləşən kurortdakı avadanlığın yığışdırılması ilə əlaqədar Cənubi Koreyaya xəbərdarlıq edib.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, xəbərdarlıqda Cənubi Koreyanın kurort məsələsi ilə bağlı danışıqlara təkid edəcəyi halda KXDR tərəfinin söküntü işlərini özü həyata keçirəcəyi bildirilib.

Qeyd edək ki, iki ölkə arasında əldə edilmiş razılığa əsasən 1998-ci ildə Cənubi Koreya KXDR-in ərazisindəki Kımqan dağında kurort inşa edib. Bu, iki Koreya arasında barışığın və iqtisadi əməkdaşlığın əsas rəmzi hesab olunurdu. 2008-ci ildə Şimali Koreya əsgərlərinin açdığı atəş nəticəsində Cənubi Koreyadan olan turistin ölməsi hadisəsinədək kurortu təxminən 2 milyon cənublu ziyarət edib.

Cari ilin oktyabr ayında Kımqan dağına baş çəkən KXDR lideri Kim Çen In Cənubi Koreya tərəfindən inşa edilmiş kurortun sökülərək, ölkənin öz sərmayəsi hesabına yeni beynəlxalq turizm mərkəzinin yaradılması barədə qərar vermişdi. Cənubi Koreya məsələ ilə bağlı danışıq cəhdlərinə Şimali Koreyadan müsbət cavab verilməyib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az