“Azərbaycan dövləti özünün multikulturalizm siyasətini bir daha nümayiş etdirdi”

“Azərbaycan dövləti özünün multikulturalizm siyasətini bir daha nümayiş etdirdi”

Dünən Bakıda Dünya dini liderlərinin II sammiti başa çatdı. Şeyxül­islam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilmiş sammitdə dünyanın 70 ölkəsindən siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak ediblər. İki gün ərzində davam etmiş sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Əməkdaşımız iştirakçılarla görüşərək onların sammitlə bağlı fikirlərini öyrənib. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib:
– Azərbaycan Dünya dini liderlərinin II sammitində beynəlxalq ictimaiyyəti narahat edən çox önəmli müzakirələrin aparılması üçün geniş şərait yaratdı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.
Azərbaycanın dünya ictimaiyyəti qarşısında ən böyük xidmətlərindən biri odur ki, bu gün fərqli dinlərə və millətlərə mənsub olan insanlar bir araya gələrək müzakirələr aparırlar. Bu, çox böyük əhəmiyyətə malik hadisədir. Azərbaycan dövləti növbəti dəfə özünün multikulturalizm siyasətini nümayiş etdirdi. Biz bir daha şahid olduq ki, Azərbaycan dünyada sülh və sabitliyin, müxtəlif dilləri, dinləri, irqləri təmsil edən insanlar arasında səmimi ünsiyyətin, dialoqun tərəfdarıdır.
Prezident İlham Əliyev də öz nitqində bu məsələlərə geniş yer verdi. Eyni zamanda, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu, bu münaqişə nəticəsində bir milyondan artıq günahsız insanın yurd-yuvasından, ev-eşiyindən didərgin salındığını, ermənilər tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini çoxsaylı iştirakçıların diqqətinə çatdırdı. Hesab edirəm ki, din xadimləri böyük qüvvədir və bu kimi problemlərin dinc yollarla həlli üçün əllərindən gələni etməlidirlər.

 

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com