İrəli çəkilən gənc kadrlar etimadı doğrultmaq əzmindədirlər

İrəli çəkilən gənc kadrlar etimadı doğrultmaq əzmindədirlər

Azərbaycan Prezidenti İlham Əliyev kadr islahatlarını uğurla davam etdirir. Prezidentin sərəncamları ilə gənc kadrlar məsul dövlət vəzifələrinə irəli çəkilib. Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Elşad Həsənov isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.


Prezident İlham Əliyev təsadüfən deməmişdi ki, ölkədə kadr islahartları labüddür, qaçılmazdır. Çünki “biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.
Bu gün savadlı, müasir kadrların irəli çəkilməsi ilə həm də hakimiyyətdə gəncləşmə siyasəti həyata keçirilir. Bu islahatlar birbaşa Prezident İlham Əliyevin şəxsi təşəbbüsüdür və uğurla davam etdirilir. İslahatların anonsunu dövlət başçısı 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra vermişdi. Hesab edirik ki, kadr islahatları sahəsində yeni dalğa gənc kadr Ramin Quluzadənin Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə təyinatı ilə başladı. Sonrakı mərhələdə gəncləşmə siyasəti İnam Kərimovla davam etdi və o, Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olundu. Bir qədər sonra gənc nəslin nümayəndəsi Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə irəli çəkildi. Mikayıl Cabbarov İqtisadiyyat naziri, Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu.
Prezidentin həyata keçirdiyi kadr islahatları çərçivəsində oktyabrın 31-də gənc kadrlar – Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayev isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olundular.
Prezident bu kadrlar qarşısında konkret vəzifələr qoyub. Birinci növbədə mənəvi saflıq, şəffaflıq və korrupsiyadan uzaq olmaq. İkincisi isə, iqtisadiyyatın, kənd təsərrüfatının, regionların tərəqqisi, əsas prioritetin qeyri-neft sektorunun inkişafına verilməsi. Gənc icra hakimiyyəti başçılarını qəbul edərkən cənab Prezident demişdi: “Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır... Siz çox mobil başçılar kimi fəaliyyət göstərməlisiniz”.
İnanırıq ki, Prezident İlham Əliyevin seçib qiymətləndirdiyi, irəli çəkib vəzifələrə təyin etdiyi bütün gənclər onun və ümumiyyətlə, xalqımızın etimadını lazımınca doğruldacaqlar. Bunu onların dövlət başçısına verdiyi vədlər də təsdiqləyir.

 

Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru

Mənbə: xalqqazeti.com