DQMŞ ABŞ və Aİ-ni azərbaycanlı məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırır

DQMŞ ABŞ və Aİ-ni azərbaycanlı məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırır

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması, polis zorakılığı və işgəncələrlə bağlı bəyanat yayıb. "19 oktyabr mitinqində kütləvi polis zorkılığı və müxalifət liderlərinə qarşı işgəncələrdən sonra həm Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən, həm də beynəlxalq ictimaiyyətdən İlham Əliyev hakimiyyətinə güclü çağırışlar oldu ki, işgəncə faktları araşdırılsın, polis zorakılığına son qoyulsun və sərbəst toplaşma azadlığı təmin edilsin. Lakin ötən müddətdə Azərbaycan hökumətinin davranışı göstərdi ki, hakimiyyət bu çağırışları ciddiyə almayıb”, - bəyanatda deyilir.

19 oktyabr aksiyasında baş vermiş polis zorakılığı və işgəncə faktlarının heç biri rəsmən araşdırılmayıb. Milli Şura Koordinasiya Mərkəzinin üzvü, həmin aksiya zamanı fiziki zorakılığa və işgəncəyə məruz qalan, sonra da 30 gün müddətinə inzibati həbs cəzası alan Tofiq Yaqublu saxlanıldığı təcridxanada DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zabiti tərəfindən hədələnib. 19 oktyabr mitinqindən sonra həbs olunan çoxsaylı AXCP üzvləri də eyi hədələrə məruz qalıblar. Həbs olunanların apellyasiyası təmin edilməyib.

Bundan əlavə, AXCP sədrinin müavini Seymur Həzi də daxil olmaqla, iki müxalifətçiyə 15 sutkadan 30 sutkayadək həbs cəzası verilib. DQMŞ Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Vidadi Mirkamal onu gözdən salan "video” ilə şantaj edilib. DQMŞ Koordinasiya Mərkəzinin digər üzvü Gültəkin Hacıbəylinin Facebook səhifəsi ikinci dəfə kiberhücum nəticəsində ələ keçirilib və onun bütün məlumat bazası silinib, on minlərlə izləyicisi bloklanıb. Hakimiyyət toplaşma azadlığını pozmaqda davam edərək Müsavat Partiyasının noyabrın 10-da şəhərin mərkəzində aksiya keçirməsinə icazə verməyib, 12 noyabr piketi isə polisin sərt müdaxiləsi ilə dağıdılıb.

Avropa İtifaqı, ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası, "Freedom House”, "Human Rights Watch” və bir sıra digər təşkilatlatlar rəsmi Bakıya "sərbəst toplaşma azadlığını təmin edin”, "polis zorakılığı durdurulsun”, "işgəncə faktları araşdırılsın” kimi çağırışlarla müraciət etsə də, bunlar nəzərə alınmayıb. Noyabrın 12-də prezident İlham Əliyevin "son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib” fikrini səsləndirməsi ölkədə siyasi repressiyaların və insan hüquqlarının pozulmasının onun özündən qaynaqlandığını göstərir.

Milli Şura Azərbaycan xalqını kütləvi polis zorakılığı və işgəncə hallarına qarşı hamılıqla etiraz etməyə, eləcə də rəsmi Bakını polis zorakılığı və işgəncə faktlarını araşdırmağa vadar etmək üçün dünya birliyini daha qətiyyətli mövqe ortaya qoymağa çağırır. Milli Şura hesab edir ki, beynəlxalq birlik, xüsusilə ABŞ və Avropa İttifaqı Azərbaycanda insan haqlarını pozan, işgəncələrə göstəriş verən və onları həyata keçirən vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməlidir.

Mənbə: criminal.az