Gürcüstan Vahid Milli Hərəkat Partiyasının lideri: “Parlamenti bağlamağa başlamışıq, bu gecə nə bacardığımızı göstərəcəyik”

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının lideri: “Parlamenti bağlamağa başlamışıq, bu gecə nə bacardığımızı göstərəcəyik”

"Biz parlamenti tamamilə bağlamağa başlamışıq, çünki bu qurum öz funksiyasını itirib".

APA-nın yerli bürosu xəbər verir ki, bunu bu gün Gürcüstanın əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın lideri Qriqol Vaşadze Tbilisidə, parlament binası qarşısında keçirilən mitinqdə çıxışında bildirib.

Q. Vaşadze deyib ki, "bu gecə nə bacardığımızı göstərəcəyik".

Qeyd edək ki, Tbilisidə müxalif partiyalar şəhərin müxtəlif istiqamətlərindən parlament binası qarşısına yürüş ediblər. Minlərlə insanın iştirakı ilə keçirilən yürüşdə "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan", "Vətənpərvərlər Alyansı", "Girçi", "Lelo" partiyalarının üzvləri iştirak edir. Əraziyə polis qüvvələri cəlb edilib.

Nümayişçilərin üç əsas tələbi var. Aksiya iştirakçıları müvəqqəti hökumətin təsis edilməsini, 2020-ci ildə proporsional seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsini və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər. Onlar tələbləri yerinə yetirilənədək aksiyaları davam etdirəcəklərini açıqlayıblar.

Mənbə: apa.az