Boris Conson və Ceremi Korbin arasında teledebat

Boris Conson və Ceremi Korbin arasında teledebat

Böyük Britaniyanın Baş naziri Boris Conson müxalifət lideri, leyborist Ceremi Korbinlə teledebat zamanı az fərqlə qələbə qazanıb. Bu barədə “YouGov” sorğu mərkəzi məlumat yayıb. İnformasiyanı “İnterfaks.ru” verib.
Məlumata görə, debatdan dərhal sonra 1646 tamaşaçının rəyi öyrənilib. Respondentlərin 51 faizinin fikrincə, Conson Korbindən yaxşı çıxış edib. Buna görə də Korbin 49 faiz səs qazanıb.
Sorğu mərkəzi bildirib ki, tamaşaçıların 63 faizinin rəyincə, Conson “Brexit” mövzusu ilə bağlı çıxışında daha yaxşı fikirlər deyib. Korbin isə səhiyyə mövzusunu əla şərh edib.
Leyboristlər Partiyasının lideri “sadə insanlara etibar etmək məsələsində” 59 faiz səslə 25 faiz səs toplamış Consonu qabaqlayıb. Tamaşaçıların 45 faizi müxalifət liderinə daha çox etimad göstərdiyini bəyan edib. Bu sahədə Consonu respondentlərin 40 faizi dəstəkləyib.
Bununla yanaşı, 54 faiz hesab edir ki, Conson baş nazir olmağa daha çox layiqdir və əhali tərəfindən rəğbət qazanıb. Rəyi soruşulanların 58 faizi isə teledebatdan narazı qalıb, çünki çıxış edənlər ölkənin əsas problemləri haqqında danışmayıblar.
Xatırladaq ki, bu il dekabrın 12-də Böyük Britaniyada Baş nazir Boris Consonun təşəbbüsü ilə növbədənkənar parlament seçkiləri keçiriləcək. Conson Avropa İttifaqı ilə “Brexit”in şərtləri üzrə əldə olunmuş razılaşmanı yeni parlamentdən keçirəcəyinə ümid edir. Əvvəllər deputatlar bir neçə dəfə razılaşmanı təsdiq etməyiblər.
Korbin isə “Brexit”lə bağlı mövqeyini açıq ifadə etmədiyinə və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı planları barədə danışmadığına görə Conson tərəfindən tənqidə məruz qalıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com