ABŞ səfiri Azərbaycan hökuməti ilə iqtisadi islahatlar məsələsində nəyi müzakirə edəcək...

ABŞ səfiri Azərbaycan hökuməti ilə iqtisadi islahatlar məsələsində nəyi müzakirə edəcək...

ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Azərbaycan hökuməti ilə iqtisadi islahatların aparılması məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, islahatlar davamlı olmalıdır: “Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvləri ilə görüşüb islahatlarla bağlı müzakirələr aparmaq fürsətim olacaq”.

Azərbaycanda son illər ciddi və sistemli islahatlar aparılır. İnkişaf həm də mükəmməl idarəetmə deməkdir. Bu islahatlar bütün sahələri əhatə edir. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə aparatı da daim yenilənib. Çünki inkişaf dövlət idarəçiliyi sisteminin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Ölkənin çevik idarəçilik sisteminin olması inkişafın əsas şərtlərindən biridir. Azərbaycanda inkişafın təmin olunması istiqamətində köklü islahatlar həyata keçirilib. Bu sırada idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. Bu məqsədlə ayrı-ayrı dövlət orqanlarında islahatlar həyata keçirilib. Bəziləri ləğv olunub, digərləri isə birləşdirilib və ya tamamilə yeni dövlət orqanları yaradılıb.

Bir sözlə, zatən, Azərbaycanda islahatlar prosesi gedir. O zaman ABŞ-ın Azərbaycan hökuməti ilə iqtisadi islahatların aparılması məsələsini müzakirə etmək istəməsi nə deməkdir? Qarşı tərəf islahatlar məsələsində nəyi müzakirə edəcək?

“Müzakirələrdə aparılan islahatların müsbət dəyərləndirilməsi də ola bilər”

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı: “İnkişaf etmiş ölkələrin istənilən səfiri islahatlar məsələsini Azərbaycan hökuməti ilə müzakirə edə bilər. Çünki bu dövlətlərin bəlli təcrübələri var, keçdikləri yol var. Bu inkişaf yolu aparılan islahatlar sayəsində əldə olunub. Deməyim odur ki, ABŞ-ın bu yöndə təcrübəsi böyük olduğuna görə, görünür, bundan çıxış edərək bəzi tövsiyələr vermək istəyirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən islahatların gedişatını Birləşmiş Ştatların ölkəmizdəki səfirliyi izləyir. Eyni zamanda, buna qiymət verirlər. Bütövlükdə, islahatlarla bağlı gedişatın müzakirə olunması və bu barədə hər hansı təklifin verilməsi çox normal bir hal kimi dəyərləndirilməlidir. ABŞ-ın dünyanın beynəlxalq maliyyə institutlarının üzərində təsirləri böyükdür. Xüsusən də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu üzərində təsir imkanları genişdir. Bu qurumların da inkişaf etməkdə olan ölkələrə islahatlarla bağlı yardım etmək imkanı var. Müzakirələrdə aparılan islahatların müsbət dəyərləndirilməsi də ola bilər. Çünki beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan bir sıra göstəricilərə görə önəmli yerdə qərarlaşıb. Bu kimi məsələlərə də toxunula bilər”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com