Azərbaycan xalqının taleyini dəyişən partiya YAP - 27 il

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Heydər Əliyev.

1991-ci ildə Sovet İmperiyasının dağılması ilə, həmən ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə verdi və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaradıldı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədilər, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Respublikada yeni siyasi düşüncəli, dövlət quruculuğunu və idarəetməçiliyi mükəmməl bacaran, yeni sosial təbəqənin maraqlarını ifadə edən və respublikanı üçuruma aparan o zaman ki, çox səriştəsiz hakimiyyətə qarşı müqavimət göstərə biləcək yeni bir təcrübəli komandanın və ictimai-siyasi bir peşəkar təşkilatın formalaşmasına ehtiyac yarandı.

Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşməyə başladılar.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənərək böyük vüsət aldı.

Nəhayət, 27 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar və ən önəmli və unudulmaz təqvimlərindən biri kimi tarixə düşdü.

Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.

Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri kimi yaddaşlara həkk oldu.

Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərinin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılması və ümumiyyətlə bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlandı və həyata keçirilməsi başladı.

Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiya kimi fəaliyyət göstərməyə başladı.

Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı.

1993-cü il iyunun 15-də YAP sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, sonra həmin ilin oktyabr ayının 3-də isə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyev həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək müstəqil Azərbaycan dövlətinin BANİSİ və QURUCUSUNA çevrildi.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsindən, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasından, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etməsindən, vətəndaşların dinc və firəvan həyatını təmin etməsindən, bütün dünyada sülhün, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafına və Azərbaycanın dünya birliyində layiqli təmsil olunmasından, beynəlxalq normalara hörmətlə yanaşmaqdan və nəhayət dünya sivilizasiyasının nailiyyətlərindən geniş istifadə etməkdən ibarətdir.

Demək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.

Odur ki, mən, öz növbəmdə Yeni Azərbaycan Partiyasının üzvü kimi bütün YAP üzvlərini və İlham Əliyev kimi liderimizlə dinc və firavan gələcəyə inanan və irəliləyən Azərbaycan xalqını YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edirəm.

İlham Quliyev,

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada kişilər "analıq məzuniyyətinə" çıxmaq istəyirlər

SONRAKI XƏBƏR

Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir