Sovet rəhbərliyinin Heydər Əliyev qısqanclığı - VİDEO

Sovet rəhbərliyinin Heydər Əliyev qısqanclığı - VİDEO

1980-ci illərin sonunda ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyasını rahatlıqla ona görə ortaya atmağa müvəffəq oldular ki, həmin vaxt Heydər Əliyev vəzifəsindən istefa vermişdi. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi və qüdrəti erməni millətçilərini bu kimi təxribatlardan çəkindirirdi.

Bunu REAL-a müsahibəsində Millət vəkili Arif Rəhimzadə ölkə başçısı İlham Əliyevin noyabrın 21-də Sumqayıt şəhərinin 70 illik yubileyində Heydər Əliyevin 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırılması nəticəsində Azərbaycanın məruz qaldığı təzyiq və təhdidlərlə bağlı fikirlərini şərh edərkən dedi.

Arif Rəhimzadə deyir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə, Heydər Əliyevin siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırmağa nail olmuşdular. Çünki onun hakimiyyətdən uzaqlaşdırılması ən çox SSRİ prezidenti Qorbaçovu sevindirirdi.

Millət vəkili Arif Rəhimzadə deyir ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilmədiyi üçün, həmin məsələ böyük bir problemə çevrildi və Azərbaycanın ağrılı illəri başladı. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları ölkəmiz üçün ciddi çətinliklər yaradırdı.

Baş verənlərdən ən faciəlisi isə “Qanlı yanvar” qırğını və torpaqlarımızın işğal olunması idi.

Azərbaycanı uçurumdan xilas edəcək şəxsin yalnız Heydər Əliyev olacağını başa düşən xalq nəhayət ki, bütün çətinliklərə sinə gərərək Heydər Əliyevi Bakıya gətirməyə müvəffəq oldu. Beləcə Heydər Əliyev yeni Azərbaycanın qurucusu və memarına çevrildi.

Mənbə: www.realtv.az