Türkiyə mətbuatı Prezident İlham Əliyevin TANAP-ın Avropa xəttinə birləşməsi mərasimindəki nitqinə geniş yer ayırıb

Türkiyə mətbuatı Prezident İlham Əliyevin TANAP-ın Avropa xəttinə birləşməsi mərasimindəki nitqinə geniş yer ayırıb

Ankara, 2dekabr, AZƏRTAC

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsinin Sarıcalli kəndi ərazisində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Prezident İlham Əliyevin mərasimdə nitqindəki əsas fikir və çağırışlar, həmçinin dövlətimizin başçısının mehriban və səmimi qarşılanması Türkiyə KİV-lərinin manşet materialı olub.

AZƏRTAC xəbər verir ki, Anadolu, İHA və digər xəbər agentlikləri, “Akşam”, “Sabah” və “Yeni Şafak”, “Hürriyet” qəzetləri, TRT HABER, CNN Türk, TRT Avaz, aHBR və başqa televiziya kanalları mövzu ilə bağlı çeşidli məlumatlar yayıblar. Açılış mərasiminə qədər də Türkiyə KİV-ləri “Enerjinin İpək Yolu” başlığı ilə Azərbaycan qazının Avropaya nəqlini gerçəkləşdirən layihə, onun ideya kimi ortaya çıxması, bununla bağlı qəbul olunan tarixi qərarlar və onların icra vəziyyətinə dair geniş informasiyalar yayıblar. Canlı yayımda nümayiş olunan açılış mərasimində Prezident İlham Əliyevin nitqi tam şəkildə efirə verilib. Həmçinin nitqdəki əsas fikirlər alt yazılarla ekranlarda əksini tapıb.

Dövlətimizin başçısının mərasimdəki nitqini oxuculara “Azərbaycan Prezidenti: Türkiyə bu gün beynəlxalq güc mərkəzi olub” sərlövhəsi ilə təqdim edən Anadolu agentliyi və “Yeni Şafak” qəzeti nitqdən bir neçə sitat veriblər. Digər KİV-lər də Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının əldə etdiyi tarixi uğurlar, həmçinin Azərbaycan-Türkiyə qardaşlığı sayəsində göstərilən siyasi iradənin nəticələrinə dair fikirlərini sərlövhəyə çıxarıblar.

Türkiyə mediası Azərbaycan Prezidentinin dövlətimizin enerji siyasətinin istiqamətləri, nəticələr və proqnozlar barədə fikir və düşüncələri əsasında rəylər yaymaqda davam edir. Energetika üzrə ekspertlərin Prezident İlham Əliyevin toxunduğu məsələlər və statistik rəqəmlər üzərində mühakimələrinə də rast gələ bilirik.

TANAP-ın Avropa xəttinə qovuşması mərasimini əks etdirən yazılar açılış mərasimindəki nitqlərdən vedeomateriallar, o cümlədən çoxsaylı fotolarla birlikdə yayılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az