“Borçalı Cəmiyyəti” bəyanat yaydı...

“Borçalı Cəmiyyəti” bəyanat yaydı...

Gürcüstanda soydaşlarımızın problemlərinin həlli ilə bağlı ardıcıl fəaliyyət göstərən “Borçalı” İctimai Cəmiyyəti( 2017-ci ildən “Borçalı Cəmiyyəti” İB) zaman-zaman praktik və elmi təhlillər əsasında həmin problemlərin həll yollarına dair layihələr hazırlamış və müvafiq hakimiyyət orqanlarına göndərmiş, ictimai diqqəti bu problemlərə yönəltmişdir.

Bu sıradan təhsil, inteqrasiya, elmin inkişafı, pedoqoji kadrların hazırlanması, Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşı olan tələbələrlə iş, gənc kadrların sosial müdafiəsi, soydaşlar haqqında, Azərbaycan bazarı və soydaşlarımızın sosial ehtiyacları, dini məsələlərlə bağlı və s. İstiqamətdə hazırladığımız təkliflər, qanun və dövlət proqramı layihələr Azərbaycanın və Gürcüstanın müvafiq orqanlarına təqdim edilmişdir. Təəssüf ki, əvvəlki rəhbər şəxslər bilrəkdən və ya bilməyərəkdən bu cür fundamental təkliflərin icrasına həvəs göstərməmişlər.

Diaspora ilə iş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyində ciddi kadr dəyişiklikləri aparılandan sonra vaxtı ilə verdiyimiz layihələrin icrası istəqamətində təşəbbüslər bizi sevindirməkdədir. Belə ki, Xaricdə yaşayan azərbaycanlılarla milli Azərbaycanın dövlətinin münasibətlərini tənzimləyən və soydaşlarımıza xüsusi üstün imtiyazlar vəd edən qanun layihəsinin, eyni zamanda tarixən Gürcüstanda məskunlaşmış soydaşlarımızın ali təhsil problemlərini birdəfəlik həll etmək gücündə olan “Azərbaycan-Gürcüstan ortaq Dövlət Universitetinin yaradılması” haqda təkliflər artıq hökumətin gündəmindədir.

“Borçalı Cəmiyyəti”nin İdarə Heyəti bu meyli təqdir edir, soydaşlarımızın və dünya azərbaycanlılarının mənafelərinin qorunması, milli Azərbaycan dövlətinə qarşı cazibənin artmasına xidmət edəcək bu layihələri rəsmi müstəviyə daşıyan dövlət strukturlarına təşəkkürünü bildirir və bütün vasitələrlə bu layihələrin gerçəkləşməsi üçün həmin dövlət hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

 

“Borçalı Cəmiyyəti”nin sədri Zəlimxan Məmmədli

05 dekabr 2019

Bakı şəhəri

Mənbə: moderator.az