GÜRCÜ PARTİYALARI KREML PARTİYALARINA NECƏ ÇEVRİLDİLƏR

GÜRCÜ PARTİYALARI KREML PARTİYALARINA NECƏ ÇEVRİLDİLƏR

“Demokratik hərəkat” partiyasının lideri Nino Burcunadzenin Moskvaya səfəri yerli siyasətçilər arasında kəskin reaksiyaya səbəb olub. “Gürcü arzusu” nümayəndələri bunu nəinki Burcanadzenin, habelə hakim partiyanın əsas rəqibi “Milli hərəkat”ın, başqa sözlə Bidzina İvanişviliyə qarşı birləşən müxalifətin kremlyönlü oriyentasiyanın nümayişi adlandırıb. Hamının birlikdə alman modeli əsasında seçki qanunvericiliyinə düzəlişlər paketinin qəbul edilməsinə çalışdığı bir vaxtda Burcanadzenin Rusiya səfəri müxalifətçiləri də qəzəbləndirib. Bu barədə “Exo Kavkaza” yazır.

“Milli hərəkat” partiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, iqtidar tərəfdarları sosial şəbəkələrdə Qriqol Vaşadzenin adına Moskvaya saxta aviabiletin fotoşəklini yerləşdirməklə onları trollamağa başlayıblar.

İttihamlara ciddi yanaşa bilməyən “Milli hərəkat” və “Avropa Gürcüstanı” məsələyə ironiya ilə münasibət bildirmək qərarına gəliblər.

Bununla belə, müxalifət partiyalarının nümayəndələri də Burcanadzenin Moskva səfərinin xoşagəlməz hadisə olduğunu etiraf ediblər. Lakin iqtidar 2020-ci il parlament seçkilərində ədalətli seçkilərə nail olmağa çalışan müxalifətçilərin birliyini poza, onları nüfuzdan sala bilmir.

Otuza yaxın müxalifət partiyasından etiraz əlaməti olaraq birliyi tərk edən təkcə “Qanun və hüquq” partiyası olub. Partiya lideri Tako Çarkviani dövlət idarələrinin qarşısında keçirilən piketlərdə, etiraz aksiyalarında iştirak etməyə hazır olsa da, Nino Burcanadze ilə birlikdə danışıqlar masasının arxasında əyləşmək niyyətində deyil: “Putinə hesabat verən Burcanadzenin qərar qəbul edib, xalqımı aldatdığı yerdə iştirak etmək istəmirəm”.

Hakim partiyanın nümayəndələri ictimaiyyəti inandırmağa çalışıblar ki, əslində “Milli Hərəkat” və onunla bağlı digər partiyalar, məsələn “Avropa Gürcüstanı” və “Güc birlikdədir” hərəkatı qərbyönlü deyil, kremlyönlü qüvvələrdir. Çətin ki, xalq buna inansın. Müxalifətçilərin tələblərinə baxmayaraq, məhz “Gürcü arzusu” Rusiya ilə konstruktiv dialoqu dəstəkləyir və Abaşidze-Karasin formatından imtina etməyə hazırlaşmır.

Hakim partiyanın Moskva ilə dialoqdan imtina etməməsi partiyanın lideri Bidzina İvanişvilinin dekabrın 1-i “Bloomberg” agentliyinə müsahibəsindən də bəlli olur: “Rusiyanın etdiyi dəlilikdir. Əgər Saakaşvili kimi divar tikib, nifrət dilindən istifadə etsək, vəziyyət heç vaxt düzəlməyəcək”.

Nədənsə İvanişvilinin komandasında qalan “başdan-ayağa qərb ideologiyasına bürünmüş” deputatlar müxalifətçilərlə danışıqlar masası arxasına əyləşməklə bağlı AB və ABŞ səfirlərinin məsləhətlərinə qulaq asmağa tələsmirlər. Atlantik Şuranın gürcü filialının icraçı direktoru, beynəlxalq hüquq məsələləri üzrə ekspert Georgi Muçaidze qeyd edir ki, seçki sistemində islahatların uğursuz olması ilə bağlı Qərb paytaxtlarından tənqidlər eşidilirsə, Qərbin hansı razılığından danışmaq olar: “Hakim partiyada rusyönlü ab-hava kifayət qədər hiss edilir. Onlar Rusiyanı qıcıqlandırmamaq siyasətinə daha çox əməl etməyə başlayıblar. Avtokratik birpartiyalı idarəetmə yarana bilər. Belə olduğu təqdirdə, rusyönlü tendensiyalar daha da güclənəcək. İndi demokratiyanın doğru istiqamətdə inkişafı üçün çox vacib məqamdır”.

Hökumətin fəaliyyəti fonunda Muçaidze Burcanadzenin Moskva səfərinə görə narahat olmağa heç bir əsas görmür.

Mənbə: www.xpressa.net