Sahibə Qafarova: Aparılan islahatlar təkmilləşməyə, yeni dövrə uyğunlaşmaya, tərəqqiyə xidmət edir

Sahibə Qafarova: Aparılan islahatlar təkmilləşməyə, yeni dövrə uyğunlaşmaya, tərəqqiyə xidmət edir

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar bir-birinin məntiqli davamı olub, dönməz xarakter daşıyır. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu islahatlar təkmilləşməyə, yeni dövrə uyğunlaşmaya, tərəqqiyə xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

“Biz həyata keçirilən islahatların uğurlu nəticələrini müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdə müşahidə edirik. Davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb və bu gün ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib”, - deyən Sahibə Qafarovanın fikrincə iqtisadi sahədə əldə olunan nailiyyətlər, ölkəmizin maliyyə imkanlarının əsaslı şəkildə artması sosial sahədə də ciddi islahatların, müxtəlif tədbirlərin həyata keçirilməsinə imkan verib. O deyib ki, xüsusilə ötən ilin Prezident seçkilərindən sonra Azərbaycanda sosial sferada qəbul olunan qərarlar inqilabi xarakter daşımaqla ölkəmizin sosial dövlət fəlsəfəsinə tamamilə uyğundur. Son illərdə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesinin davam etdirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, sosial infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi, bütün ölkə ərazisində yeni iş yerlərinin yaradılması və digər bu qəbildən olan tədbirlər ölkə vətəndaşlarının həyat şəraitinin əsaslı şəkildə yaxşılaşmasını təmin edib, vətəndaşların gəlir imkanlarının artırılmasına imkan verib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanda reallaşdırılan sosial islahatların dünyada bənzəri yoxdur. Təkcə cari ildə həyata keçirilən böyük sosial paket nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər əsaslı şəkildə artırılıb", - deyən Sahibə Qafarova vurğulayıb ki, bu tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək dəyərləndirir, öz dəstəyini ifadə edir. Şübhə yoxdur ki, qarşıdakı dövrlərdə də Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun olaraq müvafiq tədbirlər davam etdiriləcək.

Milli Məclisin deputatının fikrincə, bütün bunlar isə həm də o gerçəkliyi ifadə edir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. O deyib: “Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur”.

Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatlar idarəetmə sahəsini də əhatə edir. Bu istiqamətdə reallaşdırılan islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədinə xidmət edir. Dövlət idarəetmə sisteminin bütün istiqamətlərini əhatə edən struktur islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılmasını və ictimaiyyətin etimadının daha da yüksəlməsini təmin edəcək. Müasir dövrün yeni çağırışlarına cavab vermək, ölkə qarşısında duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək, cəmiyyətin gözləntilərini doğrultmaq məqsədilə idarəetmə sisteminin keyfiyyətinin yüksəldilməsi və dövlət aparatının optimallaşdırılması istiqamətində atılan addımlar əhali tərəfindən müsbət qarşılanır. Kadr islahatlarının həyata keçirilməsi də idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bildirib ki, kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Beləliklə, bir-birini tamamlayan iqtisadi, sosial, kadr və struktur islahatları ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir.

Azərbaycanda həyata keçirilən uğurlu islahatların beynəlxalq aparıcı təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır.

S.Qafarova, həmçinin deyib ki, Azərbaycanın daxili siyasətdə əldə etdiyi nailiyyətlər uğurlu xarici siyasətlə tamamlanır. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan bir dövlət kimi qəbul olunur. Təkcə son iki ayda Azərbaycanda baş tutan mühüm qlobal tədbirlər, Prezident İlham Əliyevin səfərləri bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu aydın şəkildə ifadə edir. Bu müddətdə Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürdü və Zirvə Görüşü Bakıda təşkil olundu. Eyni zamanda, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı. Azərbaycan üç il ərzində bu təşkilata sədrlik edəcək. Bu, BMT-dən sonra dünyada ən böyük ikinci təşkilatdır. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Həmçinin ötən ay Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirildi və 70 ölkənin dini liderləri Bakıya toplaşdı. Bu tədbirin məhz ölkəmizdə baş tutması da bir daha Azərbaycanın nə qədər əhəmiyyətli bir yerə sahib olduğunu göstərir.

"Beləliklə, sadalananlar bir daha o qənaəti ifadə etməyə imkan verir ki, Azərbaycanda mövcud olan siyasi sabitlik, möhkəm və obyektiv əsaslara malik xalq-iqtidar birliyi, bütün sahələrdə həyata keçirilən məqsədyönlü siyasət və uğurlu diplomatiya ölkəmizin dinamik inkişafını təmin edən əsas faktorlar qismində çıxış edir. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək inkişaf dövrünü yaşayır. Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycan tarixin heç bir dövründə bugünkü qədər müstəqil və güclü olmayıb”, - deyə Sahibə Qafarova vurğulayıb.

Mənbə: azertag.az