Türkiyə XİN: “Jurnalistləri yaralayan fransız polislərə görə Fransa hökumətinə çağırış edirik” - FOTO

Türkiyə XİN: “Jurnalistləri yaralayan fransız polislərə görə Fransa hökumətinə çağırış edirik” - FOTO

Fransada baş verən etiraz aksiyaları ilə əlaqədar dünən aralarında Türkiyənin “Anadolu” (AA) xəbər agentliyinin müxbirinin də olduğu mətbuat nümayəndələri polis müdaxiləsi nəticəsində təzyiqlərə məruz qalıblar. Parisdə təqaüd islahatları ilə bağlı etiraz aksiyalarını müşahidə edən AA müxbiri Mustafa Yalçın sol gözündən zədə alıb. Mustafa Yalçın 6 saatlıq cərrahi əməliyyat keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Türkiyə Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyn sözçüsü Hami Aksoy bildirib ki, hazırda AA müxbirinin səhhəti normallaşmağa doğru gedir.

XİN rəsmisi deyib ki, Türkiyənin NATO müttəfiqi Fransadakı tətil və etiraz nümayişlərində yaşanan hadisələr və xüsusilə media azadlığına kobud müdaxilə, təhlükəsizlik qüvvələri tərəfindən tətbiq edilən güc tətbiqi narahatlıqla qarşılanır: “Fransa hökumətini önümüzdəki dövrdə davam etməsi ehtimalı olan nümayişlərlə əlaqədar Avropa və dünya insan haqları normalarına uyğun hərəkət etməyə çağırırıq.

Digər tərəfdən, dünənki nümayişləri yaymağa çalışan AA müxbiri də daxil olmaqla mətbuat nümayəndələrinin yaralanmasını mətbuat azadlığına qarşı yolverilməz fiziki müdaxilə kimi görürük. Fransa hakimiyyət orqanlarının bu mövzuda hər hansı bir üzr istəməməsi isə vəziyyətin ağırlığını artırır”.

Mənbə: apa.az