Yaponiyanın müxalifət partiyalarının liderləri vahid təşkilatda birləşmək niyyətindədirlər

Yaponiyanın müxalifət partiyalarının liderləri vahid təşkilatda birləşmək niyyətindədirlər

Yaponiya Konstitusiyalı Demokratlar Partiyasının (KDP) lideri hakim blok üzərində qələbə çalmaq üçün digər iki müxalifət partiyasını birləşməyə dəvət edib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiyanın ən böyük müxalifət partiyasının sədri Yukio Edano dekabrın 6-da Xalqın Demokratik Partiyasının (XDP) sədri Yuiçiro Tamaki və Sosial Demokratik Partiyasının (SDP) lideri Seyci Mataiçi ilə görüşüb. Görüşdə, həmçinin Yaponiyanın sabiq Baş naziri Yoşihiko Noda və digər müxalifət partiyalarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı hakim bloka qalib gəlmək üçün müxalifət qüvvələrinin vahid siyasi təşkilatda birləşməsi ilə bağlı müzakirələr aparıldığı bildirilir.

Xatırladaq ki, üç müxalifət partiyası parlamentin oktyabrda başlamış növbəti sessiyası ərəfəsində parlament qruplarını artıq birləşdiriblər.

Y.Edano bildirib ki, məhz həmin birlik Baş nazir Şinzo Abenin kabinetində iki nazirin istefasına nail olub. Əlavə edib ki, müxalifət qrupu, həmçinin hökuməti universitetlərə qəbul zamanı milli imtahanların standartlaşdırılması çərçivəsində özəl sektorda şübhəli ingilis dili testlərinin daxil edilməsi fikrindən daşındırıb. Bundan əlavə, müxalifət Baş nazir Şinzo Abe tərəfindən təşkil edilən sakura çiçəklərindən zövq alma tədbirinin şübhəli maliyyə mənbələri barədə məsələyə də aydınlıq gətirib.

Y.Edano iştirakçıları hakim koalisiyaya qalib gəlmək üçün güclü müxalifət blokunu yaratmaq məqsədilə onun partiyası ilə birləşməyə çağırıb. Müxalif partiyaları bu təklifin müzakirəsinə dəvət edib.

XDP sədri Y.Tamaki bildirib ki, onun partiyası müxalifət qüvvələrin bir mərkəz ətrafında birləşməsi ideyasına tərəfdardır. Lakin bu birləşmə bərabər əsaslarda aparılmalı və yaranacaq siyasi təşkilata yeni ad verilməlidir.

SDP sədri S.Mataiçi bu məsələnin çox ciddi əhəmiyyət daşıdığını deyərək, onun partiyanın digər üzvləri ilə müzakirələrinin vacibliyini vurğulayıb.

Üç partiyanın sədri məsələ ilə bağlı müzakirələrin bu təşkilatların baş katibləri tərəfindən davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, həmin üç partiyanın və müxalifət cəbhəsini dəstəkləyən bitərəflərin parlamentdə ümumilikdə 181 yeri var. Bu yerlərdən 120-si aşağı, 61-i isə yuxarı palatadadır.

Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hakim Liberal Demokratik Partiya isə hər iki palatada ümumilikdə 396 yerə malikdir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az