“Nəsimi 650" aksiyası: ölkə boyu bir gündə yüz minlərlə ağac əkildi

“Nəsimi 650" aksiyası: ölkə boyu bir gündə yüz minlərlə ağac əkildi

Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin hər yerində ağacəkmə aksiyaları keçirildi; prezident və xanımı da Şamaxıda ağac əkdi, YAP rəhbərliyi, deputatlar, tanınmışlar kampaniyaya qoşuldular, Siyavuş Novruzov müxalifətə səsləndi...

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dekabrın 6-da ölkə üzrə bir gündə 650 min ağac əkilib. “Yeni Müsavat” xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən bu təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Bir gündə 650 min ağacın əkilməsinin ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcəyi bildirilir. Eyni zamanda, aksiya insanları bu təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da dekabrın 6-da Şamaxıda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağac əkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.

Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq. Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq, əsasən tuya və Eldar şamı ağacları əkilib. Burada əkilən ağaclar ilə “Nəsimi 650" yazısı formalaşdırılacaq.

Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

****

Ölkənin bütün regionlarını əhatə edən aksiyadan biri də Bakının Müşfiqabad qəsəbəsində də keçirildi. “Yeni Müsavat”ın reportyor qrupu olaraq aksiyada iştirak etdik. Böyük bir sahədə “Nəsimi 650 - Azərbaycanı yaşıllaşdıraq” lövhəsi vurulmuşdu, konsert proqramı təşkil edilmişdi.

Ağacəkmə kampaniyasında Baş nazirin müavini Əli Əhmədov, vitse-spiker Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlardan Hadı Rəcəbli, Siyavuş Novruzov, Aydın Hüseynov, Sona Əliyeva, Sevinc Fətəliyeva, Azər Badamov, Tahir Rzayev, eyni zamanda əməkdar artist Bəhram Bağırzadə, Azərbaycan Akademik Dövlət Teatrının direktoru Azər Paşa Nemətov və diplomatik korpusların nümayəndələri, İtaliyanın səfiri, bir çox ictimai fəallar, YAP üzvləri iştirak edirdilər. Onlar ağac əkdilər və bu kampaniyanı müsbət qiymətləndirdilər.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirdi ki, ağac əkmək gözəl ənənədir və sağlam gələcəyə dəstəkdir. Onun sözlərinə görə, bu təşəbbüs şairə də böyük hörmət əlamətidir.

“İnsanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir” - YAP icra katibinin müavini Siyavuş Novruzov belə dedi. Onun sözlərinə görə, hakim partiya bu gün təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir: “70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması üçün aparılacaq. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət qədər ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə bürosunun rəhbəri Mələk Çakmak isə qeyd etdi ki, 650 min ağac əkilməsi gözəl kampaniyadır. O, bildirdi ki, karbonun azalması və kənd təsərrüfatı üçün meşələrin artırılması vacibdir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, İtaliyanın Bakıdakı səfiri Auqusto Massari jurnalistlərə açıqlamalarında I vitse-prezidentin bu təşəbbüsünü yüksək qiymətləndirdilər.

Emil SALAMOĞLU,
Foto: Elçin ƏKBƏROV,
“Yeni Müsavat”

Mənbə: musavat.com