"Boykot" oyunu alınmadı: müxalifətə xəyanət edən kimdir?

"Boykot" oyunu alınmadı: müxalifətə  xəyanət edən kimdir?

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı proqnozların və ehtimaların əksəriyyəti doğrulsa da, bəzilərində hətta təcrübəli analitiklər və politoloqlar belə, yanıldılar.

Səbəb maraqlı olsa da, bəsitdir: ölkə müxalifətinin radikal düşərgəsindəki qüvvələr həmişə olduğu kimi, bu dəfə də tamamən qeyri-adekvat davranmaqla yanaşı, mövcud reallığı normal dəyərləndirə bilmədilər.

AXCP sədri, son illər Facebook bloqeri olan Əli Kərimli erkən parlament seçkilərini boykot edə biləcəklərini demişdi. Daha doğrusu, bəyanat "Demokratik Qüvvələrin Milli Şurası" və ya qısaca, "Milli Şura" adlanan strukturun adından şərtlər toplusu yayıldı.

Həmin şərtlər o qədər absurd və marazmatik idi ki, "Milli Şura" adından yayılan, əslində isə müəllifi Əli Kərimli olan həmin şərtlərin hakimiyyətə ünvanlanması pafoslu görünsə də, əslində reallaşdırılması mümkünsüz ultimatumdur.

Daha doğrusu, dünyanın heç bir ölkəsində, heç bir hakimiyyət belə təhdid və hədələri qəbul etməyib, edə də bilməz.

Müxalifət düşərgəsində belə, "Ölü Kərimli Lökbatanski" adlandırılmağa başlayan Əli Kərimli növbədənkənar parlament seçkilərinin keçirilməsinin hətta ehtimallarının müzakirəsi başlayanda, daha da aktivləşmişdi.

"Milli Şura"nın qeyri-adekvat, nəyi nə üçün dediyinin fərqində olmayan, demensiya təsirli emosional hədələri sıralayan Cəmil Həsənli vasitəsilə o, ilk əvvəl mesajlarını cəmiyyətə çatdırmağa çalışdı. Lakin hətta Ə.Kərimlinin sosial şəbəkədəki trolları da əla bilirlər ki, Cəmil Həsənli və ümumiyyətlə, "Milli Şura" adlanan marionet struktur AXCP sədrinin tam idarəsində, nəzarətində olanlardır.

Cəmil Həsənlinin həddi nə ki, "boss"u Əli Kərimlinin rüsxəti olmadan açıqlamalar verə, izn almamış bəyanat yaya.

"Milli Şura" Ə.Kərimli üçün artıq 6 ildir ki, müxalifətlə təzyiq metodu ilə danışmaq, hakimiyyətlə isə sövdələşmək üçün ehtiyat vasitədir.

Cəmil Həsənlinin növbədənkənar parlament seçkiləri ilə bağlı absurd bəyanatlarından sonra Ə.Kərimli ABŞ və Avropadakı "müstəqil bloqer" şəbəkəsini hərəkətə gətirdi. Facebook-dakı səhifələr, YouTube-dakı kanallar Ə.Kərimlinin müsahibələri, bəyanatları, açıqlamaları və ultimatumları, böhtanları və hədələri ilə sıralandı.

Təbii ki, sıralanmaya faktiki olaraq AXCP sədri və həm də bloqerin faktiki olaraq mətbuat xidməti funksiyasını yerinə yetirərək sözçülüyünü edən Sevinc Osmanqızı şamil olunmamalıdır. Nədən ki, ABŞ-ın paytaxtı Vaşinqtona sığınmış bu xanım hər gün yox, gündə bir neçə dəfə Əli Kərimlinin şəninə mədhiyyələr söyləməklə, sonra da "əsərin qəhrəmanı" ilə canlı yayımda qalaktik önəm daşıyan məsələləri müzakirə etməklə məşğuldur.

Sonuncu mərhələdə müxalifətin radikal düşərgəsindəki qüvvələr işə salınmalı idi. Müsavat Partiyasının qərargahında iki "dəyirmi masa" keçirildi, hər ikisinə ən müxtəlif adamlar, siyasətçilər və ekspertlər çağırıldı.

Amma bu "masa"ların ən paradoksal yönü sabiq səhiyyə naziri, qatı korrupsioner və mənəviyyatını çoxdan siyasət cığırlarında itirdiyi iddia olunan Əli İnsanovun dəvət edilməsi, onun boğazını arıtlayaraq "millətə nicat yolu" göstərməsi idi.

Fantasmaqoriya o həddə, əcaiblik o səviyyəyə çatmışdı ki, sıravi müsavatçılar və cəbhəçilərlə yanaşı, tanınmış müxalifətçilər belə, "dəyirmi masa"lara Əli İnsanov kimi siyasətçi kəlməsinə tam antipod və antonim olan birisinin çağırılmasını demokratiya, siyasi mübarizə, vətəndaş cəmiyyəti prinsipləri və ümumiyyətlə, seçki müzakirələrini təhqir hesab etdiklərini vurğuladılar.

Əli Kərimli isə həmişəki ampluasında idi və baş verənlərdən az qala həzz alırdı. O, Əli İnsanovun maliyyə imkanları ilə yanaşı, mənfi imicindən və qisasçı aurasından yararlanmaq niyyətində olduğundan ahıl sabiq məhbusa tapşırılan rolu onun oynamasından vəcdə gəlmişdi.

AXCP sədrinin planı Müsavat Partiyasını boykota qatmaq, sonra da müxalifət düşərgəsindəki digər siyasi strukturları və qurumları bu taktikaya riayətə vadar etməkdi.

Tarixin zibilliyinə atılmış SİDSUH və "Demkonqress"lə bağlı sınaqdan keçirilmiş ssenari çox primitivdir: AXCP, "Milli Şura", Müsavatın avanqard rollarını oynadıqları "boykotçular"a müxalifətdən mümkün qədər çox partiya cəlb olunur, ciddi alternativ və narazı kütlə mənzərəsi yaradılır.

Sonra Əli Kərimli ssenari müəllifi qismində hakimiyyətlə kuluar sövdələşmələrə və siyasi alverə başlayır, bir neçə mandat və pul alır, geri çəkilir.

Son 16 ildəki parlament və prezident seçkilərinin istisnasız olaraq hamısında Ə.Kərimli bu taktika ilə davranıb: əksi barədə kimsə real fakt, səbatlı arqument ortaya qoyaraq "Xeyr, AXCP sədri şəffaf və təmiz siyasət yürüdür" deyə bilməz.

Çünki Ə.Kərimlinin müxalifət düşərgəsini içdən dağıtmasına, bütün birləşmə cəhdlərini alt-üst və dezavuasiya etməsinə, hakimiyyətin ayrı-ayrı mənsubları və məmurlarla qapalı sövdələşmələr aparmasına, gizli danışıqlarda alver etməsinə, "ən yaxın silahdaşımız və müttəfiqimiz" dediyi adamlara daim xəyanət etməsini sübut edən onlarla fakt var. Şahidlər də sağdır, AXCP sədrinin xəyanətlərinə və intriqalarına məruz qalan müxalifətçi partiya sədrləri də ölkədədir.

Müsavat Partiyasının tərəddüdlərini hiss edən AXCP sədri "Milli Şura"nın funksioneri Tofiq Yaqublu vasitəsilə daimi rəqib hesab etdiyi təşkilatı içdən parçalamaq fikrinə düşmüşdü. Planın tərkib hissəsi Müsavat qurultayında T.Yaqublunun başqan seçilməsi idi.

Ancaq həmişə olduğu kimi, bu dəfə də Müsavatın real lideri İsa Qəmbər spiker olduğu dönəmlərdə dövlət katibliyi etmiş hərcainin kimliiyini, nəyə qadir olduğunu və nə etmək istədiyini anladığından irəli çıxdı, müsavatçılara müraciət edərək partiyanın başqanı Arif Hacılıya səs vermələrini istədi.

Sonucda Arif Hacılı başqan postunda qaldı.

Bir qədər keçdi, Müsavatın saxta vəsiqə və arayış alveri faktları ortaya çıxdı, Almaniyada həbslər başlandı, Arif Hacılı və Gülağa Aslanlının fabrikinin məhsulu olan "müsavatçılar"ın Azərbaycana deportasiyasına start verildi.

Proses indi də davam edir.

Müsavat çox dərin, ağır böhrandadır və cəmiyyətdə ümumiyyətlə, nüfuz sahibi deyil.

Buna rəğmən, partiya rəhbərliyi yaranmış situasiyada yeganə dürüst qərar verərək fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaqlarını deyiblər.

Beləliklə, AXCP-"Milli Şura" duetinin, yəni Əli Kərimlinin "boykot taktikası"nı faktiki olaraq heçləyərək Müsavat seçkilərə getməyə qərar verdi.

KXCP, "Ümid", ADP və digər müxalifət partiyları da analoji bəyanatlarla çıxış ediblər.

"Boykot" alınmadı, Əli Kərimli bütün cəhdlərinə və intriqalı oyunlarına rəğmən, arenada tək qaldı.

Cəmil Həsənli, mikroskopik "lider"lər, xarici ölkələrdə deportasiya olunmamaq üçün özlərinə əl qataraq "hakimiyyətlə mübarizə aparan videobloqer" obrazı yaratmağa çalışan fərdlər və sosial şəbəkələrdəki trollar təbii ki, hesabdan deyil.

Onlar zatən, merkantil və əksər hallarda maddi maraqlara görə Əli Kərimlini sözdə "büt" etmiş zavallılardır.

Belələrini ciddiyə almağın özü sadəlövhlükdür.

Elçin Alıoğlu
Milli.Az

Mənbə: news.milli.az