GÜRCÜSTAN SEÇKİÖNCƏSİ YENƏ QAYNAYIR

GÜRCÜSTAN SEÇKİÖNCƏSİ YENƏ QAYNAYIR

2020-ci il parlament seçkiləri ərəfəsində Gürcüstan “qaynayır”. Ölkə artıq böhran rejiminə keçib. Hakim “Gürcü arzusu” partiyasının populyarlığı zəifləyir. Lakin müxalifət elektoral dəstəyin artması ilə öyünə bilməz. İstər iqtidarda, istərsə də indiki müxalifətdə olan elita ölkənin neoliberal inkişaf yolunu həyata keçirmək üçün radikal eksperimentdə əhəmiyyətli rol oynayıb. Və son iyirmi ildir Gürcüstan bu eksperimentin ağır nəticələrinə dözmək məcburiyyətindədir. Hər şey 2003-cü il “qızılgül inqilabı” ilə başlayıb. Bu inqilaba iqtisadiyyatdakı şok terapiyası, nəzarətsiz özəlləşdirmə və rüşvətxor mərc-mərclik səbəb olub. Siyasi icmalçı Mate Qabitsinaşvili “IPG” portalında yazır.

Bu müddət ərzində ÜDM artıb. Amma bunun hamıya xeyri dəyməyib. Ən çox yararlanan iqtisadiyyatın spekulyativ sektoru (banklar, qumar biznesi və daşınmaz əmlak) olub. İqtisadi Azadlıq Aktı həm mənbələr, həm də xərclərə məhdudiyyətlər baxımından dövlət büdcəsinə zərər vurub.

Bu gün Gürcüstan elə bir ölkədir ki, buradakı “yaxşı” xəstəxanaların, məktəblərin hamısı özəl müəssisədir. Bürokratik aparat qumar şirkətlərinin, kommersiya banklarının və idxala yönlü böyük müəssisələrin maraqlarına xidmət edir.

Məqalədə deyilir ki, bu cür libertian görüş keçmiş iqtisadiyyat naziri, həmçinin ölkədə inqilabdan sonrakı iqtisadi dəyişikliklərin atası, ideoloqu Kaxa Bendukidzenin dövründə institusional səviyyədə rəsmiləşdirilib. O, “Gürcüstanın vicdanından başqa hər şeyi satmağa hazıram” sözü ilə tanınıb. Stiven F.Consun (Stephen F. Jones) haqlı olaraq qeyd etdiyi kimi, Bendukidzenin neoliberal eksperimenti xəyali xarakter daşıyıb və praqmatik hesabatdan daha çox utopik fantaziyalara əsaslanıb. Keçmiş nazirin ideyalarının icrası üç xətt üzrə həyata keçirilib.

Birincisi, iqtisadi siyasət sürətli özəlləşdirməyə şərait yaradıb. O da maliyyə sektorunda tənzimlənmənin tam aradan qaldırılması, vergilərin və dövlət xərclərinin azaldılması ilə müşayiət olunub.

İkincisi, bu cür radikal siyasi kursun reallaşması üçün represiyyaya ehtiyac yaranıb. Latın Amerikasında olduğu kimi Gürcüstanda da neoliberal utopiya böyük ictimai-iqtisadi bərabərsizliyə gətirib çıxarıb.

Üçüncüsü, “ümid məqamını” tutub saxlamaq üçün təbliğat lazım gəlib: sabah nəticə əldə etmək üçün bu gün səbrli olmalıyıq. Bu ümid KİV-də geniş miqyaslı təbliğat nəticəsində formalaşıb. İnsanlar çaş-baş qalıblar, pərişan və parçalanmış vəziyyətə düşüblər.

Gürcü neoliberalizminin hər üç xətti artıq özünü tükədib: iqtisadi sahəni götürsək, Gürcüstanın daha satmağa və tənzimləməyə heç nəyi yoxdur. Noyabrın sonu ölkənin qeyri-rəsmi rəhbəri, “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin verdiyi telemüsahibə ilə sonuncu ümid də ölüb. O, doğma vətənində deyil, xaricdə iş yerləri açacağını söyləməklə “kəfkirli miqrasiya”dan söz salıb: “Proses yaxşı koordinasiya edilsə, Gürcüstanda 50 min iş yeri yaradıla bilər. Avropalıların iş yerləri var, işçi qüvvəsi yoxdur, bizim iş yerlərimiz yoxdur”.

Bu məntiq çərçivəsində peşəkar təhsil sisteminə bütün dövlət investisiyalarının yalnız bir strateji məqsədi olub: Gürcüstanın ixrac potensialının əsas hissəsi - işçi qüvvəsinin rəqabət üstünlüklərini artırmaq.

İstənilən halda, “kəfkirli miqrasiyanı” işsizlik probleminin əsas strategiyası kimi qəbul etmək iqtisadi siyasətin uğursuz olduğunu etiraf etmə, inkişafdan imtina etmək deməkdir.

Mənbə: www.xpressa.net