Ermənilərin AŞPA-da Azərbaycan üçün yanlış məğlubiyyət görüntüsü yaratmaq cəhdi – Azərbaycan “Metsamor”u beynəlxalq sənədlərdə çoxdan qapadıb...

Erməni mətbuatı yazır ki, guya Azərbaycan tərəfindən Avronest Parlament Assambleyasında “Metsamor” AES-in bağlanması ilə bağlı edilən cəhdlər Ermənistan nümayəndə heyətinin səyləri ilə dayandırılıb.

Erməni deputat Qayana Abramyan bununla bağlı qeyd edib ki, guya artıq əhəmiyyətli uğurlar əldə ediblər: “Azərbaycan nümayəndə heyətinin növbəti antierməni təşəbbüsü, beynəlxalq qətnamələrdə “Metsamor” AES-in bağlanması məsələsini qaldırmaq cəhdləri uğursuz oldu. Səsvermədən əvvəl çıxışımda söylədiyim arqumentlər Avronest deputatları ilə fərdi müzakirələr azərbaycanlıların təklənməsinə səbəb oldu. Bu gün-sabah Avronest Parlament Assambleyasının plenar iclası keçiriləcək”.

Ermənilərin bu yöndə səsləndirdikləri arqumentlər reallığı əks etdirmir. Əvvəla məhz Azərbaycan davamlı olaraq bir sıra beynəlxalq tədbirlərdə “Metsamor” AES-in istismara yararlı olmadığını tutarlı arqumentlərlə qaldırıb. Azərbaycanın səyləri sayəsində beynəlxalq ictimaiyyətin bu məsələyə diqqəti artıb. Belə ki, 2012-ci ildə Avropa Parlamenti tərəfindən “Metsamor” AES-in 2016-cı ildə bağlanması ilə bağlı qətnamə qəbul edilib. Ermənistan həyasızlıq edərək buna əməl etməyib. Əvvəl istədilər ki, “Metsamor”un fəaliyyət müddətini 2040-ci ilə qədər uzatsınlar. Bunun narazılığa səbəb olduğunu görüb stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edilib.

Onu da qeyd edək ki, 2018-ci ilin ortalarında Avropa Parlamenti tərəfindən Aİ və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qəbul edilən qətnamədə “Metsamor”la bağlı narahatlıq xüsusi qeyd edilib. Sənəddə Ermənistanda hələ də fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanıb. Ən nəhayət, Avropa İttifaqı “Metsamor” AES-in bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. Təbii ki, bağlanacağı təqdirdə. Bütün bunlar Azərbaycanın səyləri nəticəsində beynəlxalq ictimaiyyətin gündəminə daxil olub. Belə olan halda, guya Azərbaycanın Avronestdə bu məsələni qaldıra bilməməsi ilə bağlı yaradılan süni məğlubiyyət görüntüsü reallığı əks etdirmir.

“Bunun başlıca təşəbbüskarı da məhz Azərbaycan olub”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu, ermənilərin növbəti təbliğat oyunudur: “Ancaq bu dəfə uğursuz təbliğat işinə girişiblər. Ermənilərin nə deməsindən asılı olmayaraq, “Metsamor” AES-in bağlanması məsələsi kifayət qədər beynəlxalq müstəvidə aktuallaşıb. Bunun başlıca təşəbbüskarı da məhz Azərbaycan olub. Məsələ ondadır ki, Azərbaycan davamlı olaraq bir sıra beynəlxalq tədbirlərdə “Metsamor” AES-in region üçün ciddi təhlükə mənbəyi olduğunu bəyan edib. Bununla bağlı çox əsaslı arqumentlər ortaya qoyub. Məhz bundan sonra bir sıra beynəlxalq qurumlar vəziyyətin ciddiliyinin fərqinə varıb. Ondan sonra Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlnması ilə bağlı Ermənistana yönəlik çağırışlarla çıxış ediblər. Ermənistan isə iqtisadi vəziyyətini bəhanə edərək hər dəfə bundan yayınır. Ən başlıcası, Ermənistan “Metsamor”dan istifadə edib beynəlxalq maliyyə qurumlarından böyük həcmdə maliyyə yardımları qoparmağa çalışır. Bütün hallarda, beynəlxalq qurumlar “Metsamor” AES-in texniki göstəricilərinə görə region üçün təhlükəli bir stansiya olduğunun fərqindədirlər. Sabah hansısa bir qəza olsa, bunun bütün məsuliyyəti Ermənistanın üzərinə düşəcək”.

Vidadi ORDAHALLI

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

İran səfirliyinin binasında tüstülənmə - YENİLƏNİB + FOTO

SONRAKI XƏBƏR

Bakıda tibbi preparatların istehsalı müəssisəsi açılıb