“Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev

“Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev

“Bakı kəndlərinin camaatı, xüsusilə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin insanları etibar etdiyi, tanıdığı şəxslərin parlamentdə onları təmsil etməsini vacib sayır”.

Bu sözləri Modern.az-a beşinci çağırış Milli Məclisin deputatı Eldar Quliyev deyib. O,növbədənkənar parlament seçkilərində iştirak üçün dairə camaatının ona müraciət etdiyini söyləyib:

“Əvvəlki seçkilərdə də ən çətin dairə bizimki olub. Buraya Nardaran, Maştağa, Zabrat, Bilgəh kimi qəsəbələr daxildir. Dairə insanları həmişə tanıdığı, bildiyi adamlara səs verir. Bu dəfə də belə olacağını düşünürəm. Bir neçə gün öncə orada görüşlər keçirdik. İnsanlarla söhbətlər apardıq. Hər kəsin fikri odur ki, seçkilərdə ancaq yerli adamlar iştirak etsinlər, onlara səs versinlər. Bu dəfə də əhalinin fikri odur ki, mən namizədliyimi verim. Belə bir fikrimiz var. Amma yenə də dəqiqləşdirir, ölçüb-biçirik”.

E.Quliyev söyləyib ki, Bakı kəndlərindən parlamentə namizəd olmaq istəyənlər arasında hələlik gənclər yoxdur:

“Orada orta yaşlı nəsil daha çox meyillidir. Bəlkə də gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər. Orada böyüklərə, ağsaqqala ehtiram, hörmət var. Hətta gənc adamı seçsələr belə, soy-kökü tanınmış olan, sabah-birisigün kiminsə qarşısına çıxacaq birini üstün tutarlar”.

Mənbə: modern.az