“Donbass problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb” - Elxan Şahinoğlu

“Gözlənildiyi kimi, Donbass böhranının həll ilə məşğul olan “Normand formatı” çərçivəsində - Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar”.

BAKU.WS xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür:

“Məsələn görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin dedi ki, Donbassın xüsusi statusu Ukrayna Konstitusuyasında təsbit olunmalıdır. Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Zelenski haqlıdır. Donbassın xüsusi statusu Konstitusiyada təsbit olunsa Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar”.

Elxan Şahinoğlu sözlərinə əlavə edib ki, Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunması vacibliyi göstərildi. Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar:

“Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbass üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbassda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Seperatçılar bunun əleyhinədirlər.

Ukraynanın Prezidentinin müharibə istəmədəyini, Kiyevlə Moskvanın bir başqa razılaşmasının girovların dəyişdirilməsinin davam etidirilməsiylə bağlı olduğunu bildirən politoloq qeyd edib ki, beləliklə, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı:

“Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbass problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb”.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Balayında bədbəxt hadisə - Yeni evlənən cütlüyün faciəsi - FOTO

SONRAKI XƏBƏR

Nazir: "Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələrdəndir"