Deputat: “Dövlət böhranının, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsi…”

Deputat: “Dövlət  böhranının, başıpozuqluğun, xaosun kulminasiya  nöqtəsi…”

“Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində çoxsaylı sərkərdələrı, fatehlərı, hökmdarları, dövlət rəhbərləri olub, ancaq müasir tariximizdə Ulu öndər Heydər Əliyev kimi sərkrədə, dövlət xadimi insanların şüuruna hakim kəsilən tarixi şəxsiyyət olmayıb. H.Əliyev hlə sağlığında belə bir zirvələri fəth edərək, milyonların qəlbində özünə yer edib”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Mirkazım Kazımov Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu günkü müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyevin müstəsna rolu olub. “Məhz onun yürütdüyü uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyaraq, inkişaf yoluna qədəm qoyaraq, sabitlik adasına çevrilib. Ulu öndərin yürütdüyü müdrik siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf edən ölkələrindən birinə çevrilib. Əbəs yerə Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edilmir”- deputat qeyd edib.

 

O əlavə edib ki Heydər Əliyev hələ SSRİ dövründə yürütdüyü uzaqgörən siyasəti müstəqilliyə gedən yolun bayraqdarı olub. “Ötən əsrin 60-cı illərin sonlarında keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül prosesləri açıq müşahidə edilirdi.Azərbaycanın siyasi-iqtisadi həyatında yaranmış tənəzzül xalqın mənəvi-psixoloji durumuna mənfi təsir göstərmişdir. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlaşdırılması yönündə heç bir ciddi addım atılmırdı. Aydındır ki, bu milli şüura, milli düşüncəyə və mili mentalitetə xas olan kadrların yetişməsinə əngəl yaradırdı. Məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bu baxımdan mövcud olan vəziyyəti aradan qaldırdı. Onun təşəbbüsü və təkidi ilə Azərbaycanın o dövrdə - 1978-ci ildə qəbul olunan konstitusiyasında Azərbaycan dili dövlət dili statusu aldı.

 

Uzunmüddətli inkişaf strategiyası hazırlayan və zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxartdı. Azərbaycanda geniş tikinti-quruculuq işləri aparıldı. Saysız-hesabsız sənaye müəssisələri salındı. Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı. İnsanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi.

Bu böyük şəxsiyyət Azərbaycanın həmin dövr və uzaq gələcəyi, daha doğrusu müstəqillik dövrü üçün zəruri vəzifələri peşəkarlıqla, ustalıqla yerinə yetirir və inkişaf etdirirdi.

 

1982-1987-ci illərdə Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri, Siyasi büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə yüksəlir.

Xalqımızın sədaqətli oğlu Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə səsini onun haqq səsinə qataraq azərbaycanlılara və Azərbaycanda qanlı cinayət törədənlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 Yanvar qırığınından hiddətlənərək bu qanlı hadisəni törədən imperiyanın paytaxtından on minlərlə həmvətənimizin ön sırasında duran Heydər Əliyev əzmkarlığı, qanlı Bakı faciəsinin günahkarlarını lənətləyən gur səsi xalqımızın azadlıq mücadiləsində daha möhkəm birləşəməsinə güclü təkan verdi”- o qeyd edib.

 

Deputat əlavə edib ki, 1993-cü ildə yenicə müstəqilliyini əldə edən Azərbaycan dövlətçiyili təhlükə qarşısında qalanda xalq təkidlə onun hakimiyyətə gəlişini tələb etdi: “1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə çatması və ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Hər şeydən əvvəl əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması istiqamətində uğurlu addımlar atıldı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla iyirminci əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.

 

Heydər Əliyev Azərbaycan xalqına təkcə suveren dövlət, möhkəmləndirilmiş müstəqillik, tərəqqi, azadlıq yox, bunlara bərabər həm də gələcəyə inam və gələcək inkişaf üçün hazır proqramı əmanət qoyub getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı, onu həyata keçirdi, dövlətin özünü qurdu. Azərbaycanda unitar dövlətçilik ənənələri yaratdı. Azərbaycan dövlətinin bütövlüyünü qoruyub saxlamağın vacibliyi fikrini gələcək nəsillərə təlqin etdi.

Bu gün Azərbaycan xalqı bu siyasi kursun davam etdirilməsinin tarixi zərurət olduğuna qəti şəkildə əmindir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi işləri çox böyük müdrikliklə, qətiyyətlə həyata keçirməkdədir.

Cənab Prezident İlham Əliyev məhz bu həqiqətləri qətiyyətlə təsdiq edərək deyir: “Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini gücləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”.

Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır”.

Deputat bildirib ki, Heydər Əliyev təkcə bir insan həyatının müdriklik zirvəsində deyildi, o, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir: “Bu zirvədən təkcə bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünür. Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Qədirbilən xalqımız özünün əbədiyaşar Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməyəcəklər. Prezident İlham Əliyev ətrafında sxı birləşən Azərbaycan xalqı daha yüksək zirvələri fəth edəcək”.Ölkə.az

Mənbə: pravda.az