Ulu Öndər dahilər yurdu Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz Liderdir

Ulu Öndər dahilər yurdu Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz Liderdir

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz Liderdir. Ulu Öndər öz həyatının bütün dövrlərində xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. 1969-cu ildə Azərbaycan böhranlı günlərini yaşayanda, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə dahi siyasətçi Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə çıxarmaqla yanaşı, onun inkişafını, yüksəlişini də təmin edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Möhtərəm Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır”.

Ulu Öndər yüksək vəzifələrdə çalışdığı illərdə Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib

Qədim Naxçıvanda dünyaya göz açan, burada boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda alıb, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirib. Ulu Öndər təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.

Ümummilli lider Heydər Əliyev yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Ümummilli Lider 1970-1982-ci illərdə dörd dəfə qədim diyarda səfərdə olub

Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb.

Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.

SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Naxçıvanı unutmayıb. O, muxtar respublikada görülən quruculuq işlərini həmişə yaxından izləyib, tövsiyə və tapşırıqlarını əsirgəməyib, ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başladı, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək səslə səsləndiriblər.

Heydər Əliyev sakitliyi və rahatlığı deyil, həmişə Vətəninin taleyini düşünüb

Görkəmli dövlət xadimi Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də o, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər.

Ulu öndər Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.

Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyev deyib: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi.

Dahi şəxsiyyətin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdi. Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq Ulu Öndər canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.

Azərbaycanın qədim torpağını xilas edən Ulu Öndər özünə həm də Naxçıvan boyda abidə ucaldıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həmin dövrü belə xarakterizə edir: “...Bu da taleyin işi idi ki, Azərbaycanın Azərbaycana qayıdışı kimi məsul tarixi vəzifə, xilaskarlıq missiyası Azərbaycanın paytaxtından yox, blokada və təhlükə qarşısında olan Naxçıvandan başlandı. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri er-mənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan möhtərəm Heydər Əliyevin dediyi kimi, “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Azərbaycanın əsas əraziləri ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan, düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması barədə qərarı ilə etirazını bildirəndən sonra o vaxtkı hakimiyyətin qəzəbinə düçar olmuş, “kor bağırsaq” kimi kəsilib atılması zəruri bilinmişdi. Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı...”

Azərbaycana ikinci dəfə rəhbərliyi illərində Ümummilli Lider Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəməyib. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirilib. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşüb. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artıb. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilib. Ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artıb. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.

“Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz”, - deyən Ulu Öndər Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəkləyib. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşıb.

Ulu Öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılmasıdır

Görkəmli dövlət xadimi çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb, Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırıb. Ancaq 1992-ci ildə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız, iddiaları boylarını çox-çox aşan siyasi diletantlar Ulu Öndərə qarşı çıxır, muxtariyyətin ləğvi məsələsini qaldırmağa çalışırdılar. Həmin dövrdə Naxçıvanın rəhbəri olan Ulu Öndərimiz bir tərəfdən erməni təcavüzünün qarşısını almağa, blokada vəziyyətində olan Naxçıvanı bəlalardan qurtarmağa çalışır, digər tərəfdən isə siyasi təfəkkürü olmayan, burnun ucundan uzağı görə bilməyən Xalq Cəbhəsi hakimiyyətinin həyata keçirdiyi “siyasətin” acı nəticələrini ortadan qaldırmağa çalışırdı. Naxçıvanda çevriliş etmək xülyasına düşəndə isə Ulu Öndəri öz həyatlarından da çox sevən naxçıvanlılar ayağa qalxaraq onlara elə cavab verdilər ki, bir daha bu fikrə düşməyə belə, cəhd edə bilmədilər.

Həmin dövrdə baş verən hadisələr barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Xalqın gücü Heydər Əliyevdə olduğu kimi, Heydər Əliyevin də gücü xalqda idi. “Xalq–Heydər Əliyev”, “Heydər Əliyev–xalq” anlayışları bir-birindən ayrılmazdır. Bu mətləbin ilk sübuta yetirildiyi tarix isə bir qədər əvvələ –1992-ci ilə gedib çıxır. Bu, o dövr idi ki, xalqın adından hakimiyyətə sahiblənən Xalq Cəbhəsi özündən əvvəlki rəhbərliyin yarıtmaz siyasətini davam etdirir, xalqımızın böyük oğluna qarşı kampaniyanı gücləndirir, siyasi qısqanclığa və şəxsi mülahizələrə görə Naxçıvan Muxtar Respublikasının beynəlxalq müqavilələrlə təsbit olunmuş muxtariyyət statusunu ləğv etmək planını gizlətmirdi. Təsadüfi deyil ki, Xalq Cəbhəsi hakimiyyətinin təhriki ilə 1992-ci il oktyab-rın 24-də bu təşkilatın Naxçıvandakı silahlı dəstələri muxtar res-publikada ilk dövlət çevrilişi cəhdinə əl atdılar. Sonrakı çevriliş cəhdləri kimi, bu çevriliş cəhdi də xalqın ciddi müqaviməti nəticəsində tam iflasa uğradı. Çünki həmin dövrdən etibarən siyasi orientasiyasını müəyyənləşdirən xalq, artıq kütləvi şəkildə öz milli lideri ilə həmrəylik nümayiş etdirməyə başlamışdı. Bu dövrdə böyük siyasətçinin dövlətçilik təcrübəsinə gətirdiyi yenilik ondan ibarət idi ki, hakimiyyət xalq tərəfindən dəstək, möhkəm müdafiə təminatı almalıdır. Bundan kənarda rəhbərlik, bundan kənarda dövlət idarəçiliyi yoxdur və ola da bilməz”.

1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirib. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-nin tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən bu il Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.

Heydər Əliyevin arzularındakı Naxçıvan

Görkəmli dövlət xadimi həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Ulu Öndər deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

Bu gün Onun yolunu uğurla davam etdirənlər dahi şəxsiyyətin arzularını inamla həyata keçirirlər. Naxçıvanda son illərdə gedən inkişaf prosesləri, quruculuq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 7 minillik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar həm Heydər Əliyev siyasi xəttinin bəhrələridir.

Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasətində, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunması məsələsində də dahi şəxsiyyətin siyasi kursuna uğurla davam etdirir, qədim diyara diqqət və qayğısını əsirgəmir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Mənbə: azertag.az