TRAMP İMPİÇMENT XAOSU FONUNDA LAVROVLA GÖRÜŞÜR

TRAMP İMPİÇMENT XAOSU FONUNDA LAVROVLA GÖRÜŞÜR

Ağ Evdən verilən məlumata görə, Tramp (Donald Trump) Sergey Lavrova Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib. Lavrov müdaxilə faktını rədd edib. Bu barədə “The Guardian” nəşrinin jurnalisti Culian Borger (Julian Borger) məlumat verir.

Çərşənbə axşamı Donald Tramp Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Ancaq onlar danışıqlarla əlaqədar müxtəlif versiyalar səsləndiriblər. Görüş impiçment proseduru ilə bağlı ittihamların elan edildiyi gün baş tutub.

Görüşdə mətbuat nümayəndələrinin iştirakına icazə verilməyib. Lakin jurnalistlər Ağ Evdən rəsmi bəyanat alıblar. Bəyanatda deyilir ki, prezident Tramp ABŞ seçkilərinə müdaxilə cəhdlərinin yolverilməz olduğu barədə Rusiyanı xəbərdarlıq edib.

Görüşdən sonra Rusiya səfirliyində baş tutan mətbuat konfransında məsələ ilə bağlı sualları cavablandıran Lavrov bildirib: “Xeyr, biz heç seçki mövzusunu müzakirə etmədik”.

Nazirə Ağ Evin bəyanatı haqqında məlumat verildikdən sonra Lavrov söylədiklərinə zidd gedərək bildirib ki, bu məsələni özü qaldırıb, həmin gün baş katib Mayk Pompeonun (Mike Pompeo) səsləndirdiyi bəyanatla bağlı Trampa şikayət edib və Obama (Barack Obama) administrasiyasının hakimiyyətdə olduğu son aylar ərzində bu məsələ ilə bağlı Rusiya və Amerika arasındakı yazışmaların yayımlanmasını təklif edib.

“Ona dedim ki, baş katib bunu açıq şəkildə qeyd edib, - deyə Lavrov bildirib. – Cavabında açıq şəkildə xatırlatdım ki, hazırkı administrasiyaya 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək kiberhücumlarla əlaqədar qurulan xüsusi kanal vasitəsilə Moskva və Vaşinqton arasında baş tutan yazışmanın ictimailəşdirilməsini təklif etdim”.

Amerikanın xüsusi xidmət orqanları iddia edir ki, Rusiya 2016-cı ildə Trampa kömək etmək üçün aktiv şəkildə prezident seçkilərinə müdaxilə edib. Prezident və tərəfdarları bu iddiaların əhəmiyyətini kiçiltməyə çalışırlar. Onlar Ukraynanın Trampın rəqibi Hillari Klinton (Hillary Clinton) tərəfdən müdaxilə həyata keçirdiyini vurğulayırlar. Xüsusi xidmət orqanları Ukrayna tərəfdən sistemli müdaxiləyə dair sübut tapa bilməyib.

“Daxili işlərimizə müdaxilə məsələsinə toxunaraq qəti şəkildə bunun yolverilməz olduğunu bildirdim və Rusiyadan gözləntilərimizi dilə gətirdim, - deyə Pompeo qeyd edib. - Tramp administrasiyası həmişə seçkilərimizin toxunulmazlığını müdafiə edəcək. Nöqtə. Əgər Rusiya və ya hər hansı başqa xarici qüvvə bizim demokratik prosesimizi pozmağa çalışsa, buna cavab verəcəyik”.

Lavrov ittihamı rədd edərək, onun əsassız olduğunu bildirib.

“Bunu təsdiqləyəcək heç bir fakt yoxdur. Bizə heç kim heç nə irəli sürməyib. Yəqin ona görə ki, belə bir şey yoxdur”, - deyə nazir qeyd edib.

Rusiyanın Obama administrasiyası və Kreml arasındakı hansı yazışmanı yayımlamaq istədiyi bəlli deyil. Daha əvvəl Barak Obama bəyan etmişdi ki, Rusiyanın seçkilərə müdaxiləsinin yolverilməz olduğu barədə Vladimir Putinə şəxsən xəbərdarlıq edib və onlara bunu “dayandırmağı” söyləyib.

Pompeonun sözlərinə görə, tezliklə iki ölkə arasında ticarətin genişlənməsi haqqında məlumat yayılacaq, amma Ukraynanın gələcəyi və silaha nəzarətlə bağlı iki ölkə arasında imzalanmış “SHS-3” sazişinin müddətinin uzadılması məsələsində fikirayrılığı meydana çıxıb. Putin sənədi maksimum beş il müddətinə uzatmağa hazır olduğunu deyib. Tramp və Pompeo isə silaha nəzarət sahəsində bütün gələcək razılaşmalara Çini də qoşmaq istəyir. Ancaq nüvə arsenalı çox kiçik olduğu üçün Pekin təklifi rədd edir.

Mənbə: www.xpressa.net