Ermənilər yazı sənəti oyunu ilə UNESCO-nu da aldatdılar...

Ermənilər yazı sənəti oyunu ilə UNESCO-nu da aldatdılar...

Tarixdə qədim xalqlar çox olub, o xalqların bəziləri etnos olaraq məhv olsalar da, onların dilləri, yazı mədəniyyətləri, əlifbaları bu gün də yaşayır. Qədim latınlar, hetlər və digər xalqlar bu taleni yaşayıblar. Dünən meydana gələn və müxtəlif millətlərin qarışığından əmələ gələn, hibrit etnos olan haylar (ermənilər) çoxdan bəridir özlərini qədim xalqların “köçünə” qatmaq iddialarını ortaya qoyurlar.

Saxta erməni əlifbası və qondarma erməni yazı mədəniyyəti məsələsi uzun illərdir ermənilər tərəfindən beynəlxalq gündəmə buraxılıb. Əlbəttə, bir sıra nüfuzlu alimlər erməni əlifbası kimi təqdim edilən əlifbanın tamamilə saxta olduğunu, hətta onun başqa xalqlardan oğurlandığını sübut ediblər. Bir sıra nüfuzlu alimlərin qənaətincə, ermənilər “qədim əlifba”larını “Avesta”dan, müasir əlifbalarını isə Efiopiyadan oğurlayıblar. Dünyada bu fakt ciddi dəlillərlə sübut olunsa da, yenə də erməni lobbisi və bəzi beynəlxalq qurumların ədalətsiz mövqeyi nəticəsində “qədim erməni yazı mədəniyyəti” UNESCO-ya ayaq aça bilib.

Belə ki, Ermənistan mətbuatının yazdığına görə, erməni yazı mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu barədə, həmçinin, Ermənistan Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində də məlumat verilib. Qeyd edilib ki, 11 dekabr tarixində keçirilən UNESCO-nun 14-cü sessiyasında Ermənistanın bu barədə müraciətinə baxılıb və bununla bağlı qərar qəbul edilib.

Ermənistanın “qədim yazı mədəniyyəti” uydurmasına UNESCO-nu inandırması həqiqətən də təəccüb doğurur. Mədəniyyətinin tam hissəsi başqa xalqlardan oğurluq olan bir toplumun oğurluqlarına beynəlxalq təşkilatların göz yummasının özü böyük ədalətsizlikdir.

“...bu quruma müraciət edərək onu verdiyi qərarı dəyişdirməyə çağırmalıyıq”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan bu məsələyə öz etirazını bildirməlidir. Onun sözlərinə görə, ermənilərin heç bir qədim əlifbası yoxdur və Mesrop Maştosun da “yaratdığı əlifba” tamamilə saxtakarlıq nümunəsi olub. Onun sözlərinə görə, ermənilər qədim “Avesta yazısı”nı da “erməni yazısı” kimi mənimsəyiblər. B.Xəlilovun dediyinə görə, saxta Mesrop Maştos adından istifadə edən ermənilərin, əslində, qədim əlifbalarımızdan olan “Avesta” əlifbasını oğurlaması faktı nəinki bizi, hətta bütün dünyanı narahat etməlidir. “Ermənilər “qədim əlifbasını” bizdən, müasir əlifbasını isə Efiopiya xalqından oğurlayan bir toplumdur, bunu bütün dünya bilir, amma bunu bilə-bilə erməni əlifbasının “qədim yazı mədəniyyəti” örnəyi kimi UNESCO-ya daxil edilməsi çox mənfi haldır. Buna təəssüflənirəm. Biz xalq olaraq erməni saxtakarlığının ifşa edilməsi istiqamətində səylərimizi genişləndirməliyik, özümüz deyib, özümüz eşitməməliyik, yazdıqlarımızı beynəlxalq dillərə çevirib dünyaya yaymalıyıq. Mesrop Maştos adlı dilçinin, tarixçinin olmaması faktdır və bu, erməni uydurmasıdır. Təəssüflər olsun ki, indiyə qədər Mesrop Maştos “erməni əlifbasının yaradıcısı”, “əlifba banisi” kimi təqdim olunurdu. Hətta onu milliyyətcə erməni olaraq təqdim edirdilər. Amma indi əsl həqiqət məlum olub. Çünki tarix həmişə müəyyən zaman keçdikdən sonra əsl həqiqəti üzə çıxara bilir. Tarixin gizli qatları açıldıqca məlum olur ki, heç Mesrop Maştos adlı adam olmayıb. Ümumiyyətlə, Mesrop Maştosun şəxsiyyəti də, milliyyəti də, əlifba yaratması da cəfəng bir məsələdir. Əslində, o, əlifbanı yaradan yox, əlifbanı oğurlayan bir addır ki, onu ermənilər uydurub və bu saxta addan istifadə edirlər. Bu gün erməni lobbisinin və onların beynəlxalq qurumlardakı havadarlarının dəstəyilə “qədim erməni yazı mədəniyyəti”nin UNESCO-ya daxil edilməsi faktını pisləməklə yanaşı, xalq olaraq bu quruma müraciət edərək onu verdiyi qərarı dəyişdirməyə çağırmalıyıq və buna nail olmalıyıq. Qondarma erməni əlifbasının, yazı mədəniyyətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi böyük tarixi ədalətsizlikdir. Ermənilər qədim xalq deyillər və onların heç bir əlifbası da yoxdur. Qeyd etdiyim kimi, onların əlifbası oğurluqdur, plagiatdır”.

B.Xəlilovun sözlərinə görə, beynəlxalq ictimaiyyəti, o cümlədən də UNESCO kimi təşkilatı Mesrop Maştos nağılı ilə aldadan ermənilər bununla böyük mənəvi cinayətə imza atırlar. B.Xəlilov hesab edir ki, UNESCO-ya müraciət edərək bu qərarın ləğvinə nail olmaq üçün addımlar atmalıyıq. “Hesab edirəm ki, özünü müxalifət adlandıran qüvvələr də bu məsələdə susmamalıdırlar. Onlar təkcə ölkənin daxilində baş verənlərə münasibət bildirməli deyillər, ümumiyyətlə, bu kimi məsələlərə də münasibət bildirməlidirlər. Təəssüflər olsun ki, özünü müxalifət adlandıran qüvvələr ermənilərlə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara öz etirazını bildirmirlər. UNESCO “qədim erməni yazı mədəniyyəti”ni Qeyri-maddi mədəni irs siyahısına salıb, amma müxalifət buna etiraz etmir. Bilirsiniz, bu gün bizə qarşı beynəlxalq təşkilatlar ədalətsiz mövqedə dayanıb, bu ədalətsiz mövqenin aradan qaldırılması üçün xalq olaraq mübarizə aparmalıyıq. Erməni lobbisinin apardığı təbliğat, onların beynəlxalq qurumlara yol tapmaları, əlaqə yaratmaları nəticəsində saxta erməni əlifbası “qədim yazı mədəniyyəti” nümunəsi olaraq tanıdılır, amma qəribədir, UNESCO-nun ekspertləri etiraz etmirlər ki, erməni əlifbası oğurluqdur. Halbuki, Azərbaycanla bağlı istənilən fayl təqdim edilərkən onu müzakirələrə çıxarırlar, hər hansı kiçik səhv olsa, onu düzəltdirməyə çalışırlar. Lakin Ermənistan bir yalanla UNESCO eskpertlərinə də kələk gəlib olmayan mədəniyyətini “mövcud mədəniyyət” kimi qəbul etdirir”.

B.Xəlilov hesab edir ki, ermənilərin saxta əlifbalarının bu statusunun ləğv edilməsi vacibdir və bunun üçün gərəkli tədbirlər həyata keçirilməsi lazımdır.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com