İsa Qəmbərin oğlu da deputatlığa namizədliyini irəli sürdü

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Pravda.az xəbər verir ki, T.Qəmbər bu barədə özü məlumat verib.

"Bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm. Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm. Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir. Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır" – T.Qəmbər bildirib.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli oynadı - Video

SONRAKI XƏBƏR

Məşhur həkimi toyuq dönərinə görə məhkəməyə verdilər