Göyçayda 20 Yanvar faciəsinin ildönümü silsilə tədbirlərlə qeyd olunur

Göyçayda 20 Yanvar faciəsinin ildönümü silsilə tədbirlərlə qeyd olunur

Göyçay, 18 yanvar, AZƏRTAC

Göyçay rayonunda 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bayraq Muzeyində, Uşaq Musiqi məktəbində, Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirlərdə rayon rəhbərləri, ağsaqqallar, ziyalılar çıxış edərək, ovaxtkı sovet imperiyası rəhbərlərinin insanlığa yaraşmayan niyyətlərindən, faciənin acı nəticələrindən danışırlar. Keçirilən tədbirlərdə 20 Yanvar faciəsinə həsr edilən videoçarxlar nümayiş olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova 20 Yanvar hadisələri barədə ətraflı danışıb, Bakı şəhərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet imperiyasının qoşun hissələri tərəfindən dinc əhaliyə divan tutulduğunu, günahsız, əliyalın insanların qətlə yetirildiyini söyləyib.

Z.Zeynalova diqqətə çatdırıb ki, qətliamın ertəsi günü ümummilli lider Heydər Əliyev ölkəmizin Moskvadakı nümayəndəliyinə gedərək kütləvi qırğınla bağlı kəskin bəyanat səsləndirib və yalnız bir neçə il sonra Ulu Öndərin təşəbbüsü ilə faciəyə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Çıxışda Prezident İlham Əliyev tərəfindən Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə məqsədyönlü addımlar atıldığını və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm işlərin görüldüyü vurğulanıb.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov çıxışında bu faciənin Azərbaycan xalqının yaddaşından əsrlərboyu silinməyəcəyini söyləyib.

Rayon Veteranlar Cəmiyyətinin sədri Atəş Salahov sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların misli görünməmiş vəhşilik nümayiş etdirməsi nəticəsində həmin gecə həmyerliləri Mehman Muradov və Rauf İsayevin şəhid olduğunu bildirib.

Tədbirlərdə çıxış edən Səməd Həsənov, Aytəkin Əliyeva, Elşən Şirinov, Nicat Mahmudov, Rauf Nəsibov, Mikayıl Qasımov və başqaları 20 Yanvarın təkcə faciə deyil, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu qeyd ediblər.

Mənbə: azertag.az