“Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Horadizdə keçirilib

“Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Horadizdə keçirilib

Füzuli, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbirlər Horadiz şəhərində təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, Müdafiə Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyəltinin və təhsil şöbəsinin nümayəndələri, N saylı hərbi hissənin əzgərləri, müəllim və şagirdlər əvvəlcə “Qəhrəmanlar Parkı”nda Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər qoyaraq xatirələrini ehtiramla yad ediblər.

Füzuli Dövlət Dram Teatrında davam edən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Polkovnik Elşad Əbilov çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan hərbiçilərinin qəhrəmanlığından bəhs edib, layihə haqqında məlumat verib. Bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə icra olunan “Şəhidlər unudulmur” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Layihə çərçivəsində Horadiz şəhər 2 və 3 nömrəli, həmçinin Cocuq Mərcanlı kənd tam orta məktəblərinin üç sinfinə şəhidlərimizin adları verilib.

Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb. “Şəhidlər unudulmur” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək, şəhidlərin adları verilmiş siniflərin şagirdlərinə daha yaxşı oxumağı, xalqımız üçün yararlı vətəndaş kimi böyüməyi arzu edib.

Sonra Füzuli Dövlət Dram Teatrı 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar hazırlanmış, faciə qurbanlarının həyat hekayəsini və qəhrəmanlığını əks etdirən “Tarix yazan silinməz” adlı poetik xalq tamaşasını təqdim edib.

Tədbirdə Aprel qaziləri sinif rəhbərlərinə şəhid Seymur Əliyevin, Vidadi Mahmudovun və Arif Fərhadovun şəkillərini təqdim ediblər. Şəhid anası Sara Hümbətova və şəhid qardaşı Ramiz Mahmudov qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlığını ifadə ediblər.

Şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, Müdafiə Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyəltinin və təhsil şöbəsinin nümayəndələri sonra Horadiz şəhər 2,3 və Cocuq Mərcanlı kənd tam orta məktəblərinə gediblər. Horadiz şəhər 2 nömrəli məktəbin 9-cu sinfində şəhid Seymur Əliyevin, 3 nömrəli məktəbin 6-cı sinfində Vidadi Mahmudovun, Cocuq Mərcanlı kənd tam orta məktəbinin 10-cu sinfində Arif Fərhadovun guşələri yaradılıb.

Mənbə: azertag.az