Davos İqtisadi Forumundan gözləntilər-ŞƏRH

Davos İqtisadi Forumundan gözləntilər-ŞƏRH

Hər il olduğu kimi Davosda iqtisadi forum öz işinə başlayır. Müxtəlif dövlətlərin liderləri, nazirlər, siyasi və istisadi ekspertlər, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri İsveçrənin kurort şəhərinə toplaşacaqlar.
Davosda əsas müzakirə mövzusu nə olacaq?
Regional münaqişələr və onların həlli yolları barədə müzakirələr aparılacaqmı?
İranın xarici işlər naziri Cavad Zərifi dəvət olunmasına baxmayaraq, Davosa getməkdən imtina etdi. Buna səbəb nə idi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, adından da göründüyü ki, əsas müzakirə mövzusu dünyadakı iqtisadi vəziyyət və yeni layihələr olacaq:
"Forum öncəsi ABŞ-la Çin arasında ticarət razılaşmasına da nail oldular. Yəni, Tramp prezident seçiləndən sonra faktiki olaraq Çinə ticarət müharibəsi elan etmişdi. Artıq həmin təhlükə sovuşdu. Bu iki böyük dövlətin arasındakı ticarət müharibəsi digər dövlətlərə də mənfi təsir göstərirdi. Əlbəttə, panellərdə mümkündür ki, regional təhlükəsizlik məsələləri də müzakirə olunsun. Çünki Azərbaycan prezidenti cənab İlham Əliyev də orada müxtəlif ölkələrin liderləri, prezidentləri, şirkət rəhbərləri ilə görüşüb. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi, digər regional münaqişələr diqqət mərkəzində ola bilər. Çünki bu iqtisadi forum olsa da, siyasi məsələlər, siyasi əlaqələr, beynəlxalaq aləmdə baş verən əsas məsələlər də müzakirə olunacaq.
Davos İqtisadi Forumunda İranın iştirak etməkdən imtina etməsi də diqqət çəkib. Əslində İranın Xarici İşlər naziri Cavad Zərifi dəvətli idi amma getmədi. İran niyə bu məntiqdən çıxış etdi? Foruma qədər Avropanın aparıcı dövlətləri Böyük Britaniya, Almaniya və Fransa elan etdilər ki, əgər İran uranı zənginləşdirməyə davam edərsə, sanksiyalar tətbiq oluna bilər. Bu da İranda çox mənfi qarşılandı. Halbuki Amerika sazişdən çıxandan sonra İran Avropadan dəstək gözləyirdi. Amma İranın özü də uranın zənginləşdirməsinə başlayandan sonra Avropa ilə münasibətlərdə soyuqluq yarandı. Ona görə də Cavad Zərif bu toplantıya getməkdən imtina etdi. Amma imtina etsə də, böyük ehtimal panellərdə son zamanlar Yaxın Şərqdəki gərgin vəziyyəti, o cümlədən Amerika İran münasibətlərində baş verənlər də müzakirə olunacaq".

 

Fəridə Ağazadə

 

 

Mənbə: sonxeber.az