Almaniya Çinlə Liviya konfransının nəticələrini müzakirə edib

Almaniya Çinlə Liviya konfransının nəticələrini müzakirə edib

Almaniya kansleri Angela Merkel ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin Liviyaya dair Berlin konfransının yekunlarını müzakirə ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti açıqlama yayıb.

“Hər iki tərəf 2020-ci il 19 yanvar tarixində Liviyaya dair keçirilən Berlin konfransının yekunlarını müzakirə ediblər. Si Cinpin bundan sonra da dəstək verəcəklərini vəd edib”, - açıqlamada deyilir.

Bununla yanaşı, tərəflərin Almaniya ilə Çin arasında siyasi və iqtisadi münasibətlər, habelə beynəlxalq ticarət məsələlərini, Çin ilə Avropa İttifaqının münasibətlərini müzakirə etdikləri də bildirilir.

Xatırladaq ki, Liviyaya dair Berlin konfransında bir sıra dövlətlər, Aİ, BMT, habelə münaqişə tərəfləri olan Liviya Milli Uzlaşma Hökumətinin baş naziri Fəyyaz Sərrac və Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar da iştirak ediblər. Hərçənd tərəflər arasında birbaşa danışıqlar baş tutmadı.

 

Mənbə: cebhe.info