Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb

Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb

Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının baş redaktoru mexanik-filosof Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” - məkan, zaman və həyatın mənası haqqında elmi-fəlsəfi traktatının Azərbaycan dilində, yenilənmiş nəşri çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, traktatın elmi redaktoru və “Ön söz”ün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, akademik Boris Qusevdir. Akademik Boris Qusev “Ön söz”də qeyd edir ki, “Əgər XX əsrdə Qərbdə Anri Berqson “Yaradıcılıq təkamülü”nü yaradıbsa, XXI əsrdə Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni yaratdı”.

Müəllif elmi-kütləvi traktatda bəşəriyyət tarixində ən tutarlı səhifələrdən birinə – əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. O, zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır.

Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edilərək “Kainat niyə mövcuddur?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” kimi suallara cavab axtarılır.

Bu traktat ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında və bu kimi mühüm suallara cavab axtaranlar və dünyamızın bənzərsiz quruluşunun, elm və biliklə keçilmiş yolun dərk edilməsinə marağı olan geniş əhatəli oxucular üçündür.

Kitab elmin kütləviləşdirilməsi məqsədilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, Əhəd Canəhmədov dünyanın bir sıra ölkələrində nəşr olunmuş 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dək elmi məqalə və patentin müəllifi və həmmüəllifidir.

Mənbə: azertag.az