9 fevral seçkisini bu qədər beynəlxalq təmsilçi müşahidə edəcəksə - bəzi beynəlxalq qərəzli rəylərdən etibarlı sığorta üsulu...

Məhərrəm Zülfüqarlı: “Seçkilər demokratik olmasa, bu qədər beynəlxalq müşahidəçi parlament seçkilərini izləmək istəməz”

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb və təbii olaraq seçkilər hazırda ölkənin əsas gündəm mövzusudur. Milli Məclis deputatlığına namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərində heç bir ciddi pozuntuya yol verilməyib və bu faktı müxalifəti təmsil edən namizədlər də etiraf edirlər.

Namizədlərin siyasi mənsubiyyətinə baxdıqda görürük ki, seçkilərin çoxpartiyalı əsasda keçirildiyini qeyd edə bilərik. Ümumilikdə, seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, seçkilərdə qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir (prosesin gedişində namizədlərin sayı dəyişə bilər), onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir.

Digər tərəfdən, 40-dan artıq media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Hazırda mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyi müşahidə edilir. Ən başlıcası, seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Yerli müşahidəçilərin sayı isə 54 min 292 nəfərdir. Bu da seçkilərə həm beynəlxalq aləmin, həm ictimaiyyətin böyük marağının olduğunu göstərməklə yanaşı, həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləyir. O da məlumdur ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda hər dəfə seçki keçiriləndə onun nəticələrinə qərəzli mövqedən yanaşırlar. Bununla seçkilərin demokratik keçirilməsinə kölgə salmağa çalışırlar. Ancaq nəzərə alsaq ki, bu dəfə seçkiləri 409 beynəlxalq müşahidəçi izləyəcək, o baxımdan sözügedən amil müəyyən dairələrin seçki ilə bağlı qərəzli yanaşmalarının neytrallaşmasında necə rol oynayacaq?

“Bu amil bəzi beynəlxalq təşkilatların Azərbaycanda seçkilərlə bağlı yanlış rəy formalaşdırmalarına imkan verməyəcək”

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, çoxsaylı beynəlxalq müşahidəçinin olması seçkilərlə bağlı bəzi beynəlxalq dairələrin qərəzli yanaşmalarını heçə endirəcək: “Əvvəla beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. ATƏT-in Müşahidə Missiyası ilə görüşdüm. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 350 nəfər müşahidəçini ölkəyə dəvət edib. Deməyim odur ki, beynəlxalq müşahidəçilərin çoxluğu seçkilərin demokratikliyini göstərir. Nəzərə almaq lazımdır ki, seçkilər demoratik olmasa, bu qədər beynəlxalq müşahidəçi parlament seçkilərini izləmək istəməz. Bu amil onu göstərir ki, Azərbaycanda seçki mühiti demokratikdir və beynəlxalq hüquq normalarına uyğundur. Ona görə də hesab edirəm ki, bu amil bəzi beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı yanlış rəy formalaşdırmalarına imkan verməyəcək. Hansı ki, hər seçkidə müəyyən təşkilatlar Azərbaycandakı seçkiləri və onların nəticələrini qaralamağa çalışırlar. Belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycanda azad, demokratik seçki keçirilmir, seçki nəticələri saxtalaşdırılır. O üzdən, bu dəfə onlar öz niyyətlərini həyata keçirə bilməyəcəklər”.

Vidadi ORDAHALLI

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Hakan Çalhanoğlu: "İbrahimoviç İbrahim Tatlısəsin mahnılarını dinləyir"

SONRAKI XƏBƏR

“Azərbaycan iqtisadiyyatına xarici sərmayə axınına necə nail olmaq olar?” - Natiq Məmmədov