Putin TŞ-nin 5 daimi üzvünə ayrıca görüş formatı təklif etdi, İlham Əliyev isə supergüclərə Yaxın Şərq mesajı verdi...

Putin TŞ-nin 5 daimi üzvünə ayrıca görüş formatı təklif etdi, İlham Əliyev isə supergüclərə Yaxın Şərq mesajı verdi...

Məhəmməd Əsədullazadə: “Yaxın Şərqdə baş verən qarşıdurma, Şərqi Avropa və Liviyada yaşanan maraq toqquşmaları...”

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dövlət başçılarının görüşünün keçirilməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya sivilizasiyanın qorunması üçün xüsusi məsuliyyət daşıyırlar. Putinin fikrincə, 5 ölkə təhlükəsizlik üzrə birgə tədbirləri həyata keçirə bilər.

Rusiya dövlət başçısı belə hesab edir ki, dünyada getdikcə artan şovinizm, rasizm, antisemitizm kimi təhdidlər qarşısında ortaq hərəkət etmək vacibdir: “Biz təkcə bu sözləri birbaşa deməklə kifayətlənməyib, dünyanı qorumaq və onun uğrunda mübarizə aparmaq cəsarətini göstərməliyik”.

BMT-nin özündə Rusiya dövlət başçısının təklifi müsbət qarşılanıb. Təşkilatın Baş katibi Antoniu Quterrişin rəsmi nümayəndəsi Farhan Hakın bildirib ki, BMT üzvləri arasındakı istənilən dialoqa müsbət yanaşırlar. Bununla belə, TŞ-nin daimi üzvləri olan Çin və Fransa Putinin bu təklifini dəstəkləyib. Digər üzvlər - ABŞ və Böyük Britaniya isə bu təklifə dəstək vermirlər.

Ancaq o da məlumdur ki, dünyanın bir sıra regionlarında, xüsusən də Yaxın Şərqdə gərginlik hökm sürür. Buna görə aparıcı dövlətlər mıəsuliyyət daşıyırlar. Bu günlərdə Davosda keçirilən forumda Prezident İlham Əliyev bununla bağlı çox vacib mesajlar verdi. Ölkə başçısının fikrincə, kövrək sabitliyin daha da sarsılmaması üçün supergüclər öz aralarında razılığa gəlməlidirlər: “Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan superqüvvələr, supergüclər daşıyacaq”.

Bu baxımdan, TŞ daimi üzvlərinin ayrıca görüşü supergüclərin Yaxın Şərq probleminin həllində rolunun artmasında nə kimi təsiri olacaq?

“Prezident İlham Əliyevin dünya dövlətləri arasında yaşanan bu konfliktlər fonunda qeyd etdiyi fikirlər ümumi mənzərəni real şəkildə təsvir edir”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Prezident İlham Əliyevin məlum fikirləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Beynəlxalq müstəvidə böyük dövlətlər arasında ziddiyyətlər kəskinləşir. Məsələ ondadır ki, yeni dünya nizamı, çoxqütblü mərkəzlərin formalaşması üçün gərgin mübarizə gedir. Yaxın Şərqdə baş verən qarşıdurma, Şərqi Avropa və Liviyada yaşanan maraq toqquşmaları dünyada sülh və təhlükəsizliyi ciddi təhdid edir. Bundan əlavə, regionumuzda qeyri-stabil vəziyyət yarada bilən əsas faktor Ermənistanın işğalçı siyasətidir. Bu da bəzi qabaqlayıcı tədbirlərin görülməsini zərurətə çevirir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri arasında yaşanan bu konfliktlər fonunda qeyd etdiyi fikirlər ümumi mənzərəni real şəkildə təsvir edir. Hesab edirəm ki, Putinin Təhlükəsizlik Şurası üzvləri ilə birgə müzakirələr aparması təşəbbüsü bu baxımdan faydalıdır. Sözügedən təşəbbüs məhz konfliktlərin sülhlə həllinə dayanması istiqamətində atılan addımdır. Prezident İlham Əliyev də bu müzakirələri xüsusi olaraq qabardır. Hesab edirəm ki, bu gün Azərbaycanın apardığı manevr siyasəti, real güclər arasında balans, ölkəmizin təhlükəsizliyinin qorunmasına gətirir. Ona görə də fikrimcə, supergüclər öz məsuliyyətini dərk edib vacib qərarlar qəbul edəcəklər”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com